"Nissan" 600 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 27 İyun 2026 08:06 (UTC +04:00)
"Nissan" 600 mindən çox avtomobili geri çağırır

Bakı. Trend:

"Nissan Motor" şirkəti litium-ion batareyasının idarəetmə blokunda aşkar olunmuş nasazlıq səbəbindən 600 595 avtomobili əhatə edən geriçağırma kampaniyasına start verib.

Bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə rəsmi məlumat təqdim olunub.

Geriçağırma 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal edilən "Note", "Note Aura" və "X-Trail" hibrid modellərinə şamil edilir.

Məlumata əsasən, batareyanın elektron idarəetmə blokunun proqram təminatındakı qüsur mexaniki nasazlıqlar barədə yanlış siqnallar yarada bilər. Bu isə avtomatik sistemin mühərrikə verilən elektrik enerjisini məhdudlaşdırmasına, bəzi hallarda isə mühərriki tamamilə söndürməsinə səbəb olur. Nəticədə avtomobil hərəkət zamanı gözlənilmədən dayana bilər.

İndiyədək bu problemlə bağlı 452 müraciət qeydə alınıb. Bundan başqa, maddi zərərlə nəticələnən bir hadisənin baş verdiyi bildirilsə də, xəsarət alanların olduğu barədə məlumat açıqlanmayıb.

Şirkət problemin aradan qaldırılması məqsədilə geriçağırma kampaniyasına daxil olan bütün avtomobillərdə batareyanın idarəetmə sisteminin proqram təminatını ödənişsiz şəkildə yeniləyəcəyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti