Bakı. Trend:
Avropa İttifaqı Venesuelada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə 5 milyon avro məbləğində təcili yardım ayırıb.
Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigeslə keçirdiyi telefon danışığından sonra X sosial şəbəkəsində paylaşım edib.
Kallas bildirib ki, telefon danışığı zamanı zəlzələnin yaratdığı ağır vəziyyət müzakirə olunub. Onun sözlərinə görə, Aİ zərər çəkmiş yaşayış məntəqələrinə operativ humanitar yardım göstərilməsi üçün artıq 5 milyon avro vəsait ayırıb. Bundan əlavə, Avropa Mülki Müdafiə Mexanizmi aktivləşdirilib və bir sıra üzv ölkələr hadisə zonasına axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibb işçiləri göndəriblər.
O, həmçinin qeyd edib ki, Aİ-nin "Kopernik" peyk sistemi də Venesueladakı xilasetmə əməliyyatlarına dəstək verir. Sistem əldə olunan məlumatlar vasitəsilə yardımın ən çox ehtiyac duyulan bölgələrə daha səmərəli çatdırılmasına imkan yaradır.
Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında
qeydə alınıb. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı
iki güclü yeraltı təkan baş verib. Zəlzələlərin episentrləri
Yaracuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə
yerləşib. Təbii fəlakətdən sonra bölgədə təxminən 300 afterşok
qeydə alınıb.