Bakı. Trend:
2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Xidmət rəisi qeyd edib ki, yrımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb. Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Onun sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron yarımadasında aprelin 9-da 6°C isti (Binə), yüksək dağlıq ərazilərdə isə aprelin 16-da 12°C şaxta (Şahdağ) olub:
“Aprel ayı ərzində bəzi günlərdə hava fasilələrlə yağıntılı
keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə
yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə
bölgələr üzrə 27 gün yağıntılı hava müşahidə edilib. Ən çox yağıntı
aylıq normanın 479 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı
– 111 mm), aylıq normanın 185 faizi olmaqla Balakən–Şəki zonasına
(Oğuz – 181 mm), eləcə də aylıq normanın 351 faizi olmaqla
Quba–Qusar zonasına (Xaçmaz – 106 mm) düşüb. Yağan qar nəticəsində
qar örtüyünün maksimal hündürlüyü Şahdağda 107 sm qeydə
alınıb”.
N.Mahmudov qeyd edib ki, aprel ayı ərzində ayrı-ayrı günlərdə dolu
hadisələri də müşahidə olunub. Aprelin 4-də Yardımlıda, aprelin
7-də Gədəbəydə, aprelin 14-də isə Bakı və Abşeron yarımadasının
lokal ərazilərində qısamüddətli fasilələrlə dolu düşüb.
“2026-cı ilin aprel ayı ərzində küləkli hava ilə bağlı rəng
şkalasına uyğun olaraq 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı
və Abşeron yarımadasında 19 gün, bölgələrdə isə 21 gün küləkli hava
şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və
Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib”.
