Bakı. Trend:
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri Azərbaycan-İtaliya münasibətlərində həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan çoxqatlı əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu səfər sadəcə protokol xarakterli diplomatik görüş deyil, tərəfdaşlığın yeni mərhələyə keçidini göstərən strateji addım kimi çıxış edir.
"İlk növbədə, səfərin siyasi konteksti diqqət çəkir. Meloninin Azərbaycana rəsmi səfər etməsi iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun yenidən aktiv fazaya keçdiyini göstərir. Onun səfərdən əvvəl Ermənistanda olması və daha sonra Bakıya gəlməsi isə regiondakı balans siyasəti baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın regionda artan rolunun və beynəlxalq aktorlar üçün vacib tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir. Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğulayaraq səfərin rəmzi əhəmiyyətini ön plana çıxardı. İqtisadi aspektdə səfərin əsas yükü enerji əməkdaşlığı üzərində qurulub. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir və İtaliya bu prosesdə əsas tərəfdaşdır. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması və qaz ixracında əsas paya sahib olması bu əməkdaşlığın dərinliyini göstərir. Səfər zamanı xüsusilə Cənub Qaz Dəhlizi və onun mühüm hissəsi olan TAP layihəsinin genişləndirilməsi məsələləri müzakirə olundu. Bu isə onu göstərir ki, tərəflər enerji əməkdaşlığını yalnız mövcud səviyyədə saxlamaq deyil, gələcəkdə daha da artırmaq niyyətindədirlər".
A. Qarayev qeyd edib ki, bununla yanaşı, səfər münasibətlərin şaxələndirilməsi baxımından da mühüm mərhələdir.
"Əgər əvvəlki illərdə əsas diqqət enerji sektoruna yönəlmişdisə, bu səfər zamanı müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq, yüksək texnologiyalar və sənaye kooperasiyası kimi yeni istiqamətlər ön plana çıxdı. Bu, tərəfdaşlığın daha kompleks və strateji xarakter aldığını göstərir. Xüsusilə birgə istehsal və texnologiya mübadiləsi ilə bağlı müzakirələr gələcəkdə daha dərin sənaye inteqrasiyasına zəmin yaradır.
İnvestisiya və biznes sahəsində də səfər mühüm siqnallar verdi. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı milyardlarla dollarlıq sərmayə və eyni zamanda İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aktiv fəaliyyəti qarşılıqlı iqtisadi maraqların gücləndiyini göstərir. Bu bölgələrdə həyata keçirilən layihələr İtaliyanın Azərbaycanın post-münaqişə dövründə əsas iqtisadi tərəfdaşlardan biri olduğunu təsdiqləyir. Səfər çərçivəsində humanitar və təhsil əməkdaşlığı da diqqətdən kənarda qalmadı. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında uzunmüddətli əlaqələrin formalaşmasında mühüm rol oynayır. Bu cür təşəbbüslər yalnız iqtisadi deyil, həm də mədəni və intellektual inteqrasiyanı gücləndirir və gələcək əməkdaşlıq üçün kadr bazası yaradır".
Politoloq qeyd edib ki, regional və beynəlxalq gündəlik də danışıqların əsas hissəsini təşkil etdi.
"Bu isə göstərir ki, Azərbaycan-İtaliya əməkdaşlığı yalnız ikitərəfli deyil, daha geniş geosiyasi çərçivədə də əhəmiyyət daşıyır.Ümumilikdə, 4 may səfəri bir neçə əsas nəticə ilə yadda qaldı: siyasi dialoq gücləndirildi, enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində razılaşmalar əldə olundu, yeni iqtisadi və sənaye sahələri üzrə əməkdaşlıq perspektivləri müəyyənləşdirildi və tərəfdaşlığın uzunmüddətli strateji xarakteri bir daha təsdiqləndi. Bu baxımdan, Meloninin Bakıya səfəri Azərbaycan–İtaliya münasibətlərinin dərinləşməsi və çoxşaxəli əməkdaşlıq modelinin formalaşması yolunda mühüm mərhələ hesab olunur", - deyə o qeyd edib.
