Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafının əsas sütunlarından biri olaraq qalır - FAO (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 5 May 2026 11:38 (UTC +04:00)
Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafının əsas sütunlarından biri olaraq qalır - FAO (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafının əsas sütunlarından biri olaraq qalır. FAO bu istiqamətdə Azərbaycana dəstəyini davam etdirməkdən məmnundur.

Bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Muhamməd Nasar Hayat bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.

O bildirib ki, sektor müasirləşdikcə, FAO innovasiyaların təşviqi, siyasətlərin inkişafı, rəqəmsal transformasiya və iqlimə davamlı həllərlə fermerlərin uyğunlaşmasına və inkişafına dəstəyini davam etdirir:

"Azərbaycana töhfəmizə gəldikdə aqrar sahədə biz ölkənin milli siyasətlərinin həyata keçirilməsinə dəstək veririk. Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edərək texniki və siyasət üzrə dəstək göstəririk. Eyni zamanda Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kimi ixtisaslaşmış qurumlarla, eləcə də icmalar və fermerlərlə işləyərək onların məhsuldarlığının artırılmasına kömək edirik".

FAO nümayəndəsi eyni zamanda texnologiyanın kənd təsərrüfatındakı rolundan da bəhs edib:

"Hazırkı mərhələdə aqrar sektor texnoloji yeniliklərə ən çox ehtiyac duyan sahələrdən biridir. Mövcud çətinlikləri nəzərə alaraq, rəqəmsallaşma və müasir texnologiyalar kənd təsərrüfatında inqilabi dəyişikliklər yarada bilər. Məqsəd daha az resurs sərf etməklə daha çox məhsul istehsal etmək, yəni məhsuldarlığı artırmaqdır".

M. Nasar vurğulayıb ki, Azərbaycanda aqrar sektorun üzləşdiyi əsas çağırışlar iqlim dəyişikliyi ilə bağlıdır:

"Su ehtiyatlarının azalması və torpaq münbitliyinin zəifləməsi bu sahədə ciddi problemlər yaradır. Bu səbəbdən biz Kənd Təsərrüfatı Nazirliyi, icmalar, elmi müəssisələr və universitetlərlə birlikdə dayanıqlı kənd təsərrüfatının inkişafı üçün həllər üzərində çalışırıq. Çünki innovativ və texnoloji yanaşmalar olmadan bu sahədə tələb olunan inkişafı təmin etmək mümkün deyil".

O, həmçinin qeyd edib ki, 2050-ci ilə qədər dünya əhalisinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir və bu da daha çox insanın qida ilə təmin olunmasını tələb edəcək:

"Buna görə də biz daha az resursdan istifadə etməklə daha çox istehsal etməyi öyrənməliyik – daha az su, daha az gübrə və kimyəvi maddə ilə daha yüksək məhsuldarlıq əldə etməliyik. Bu yanaşma həm də heç kəsi kənarda qoymayan inklüziv inkişafın əsasını təşkil edir".

M. Nasar sonda Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumundan gözləntilərini də bölüşüb:

"Bugünkü tədbir çox vacibdir, çünki o, biznes nümayəndələrindən və texnologiya şirkətlərindən tutmuş icmalara, praktik mütəxəssislərə və ekspertlərə qədər çox geniş sayda maraqlı tərəfi bir araya gətirir. Aqrar sektorun hazırda üzləşdiyi problemlərin – iqlim dəyişikliyi, bazar dalğalanmaları, torpaq sağlamlığı və su resurslarından səmərəli istifadə kimi çağırışların – həlli üçün hamımız birlikdə çalışmalıyıq. Bu tədbir də məhz hamını bir araya gətirərək birgə düşünmək, əməkdaşlıq etmək və real həllər tapmaq üçün mühüm platforma rolunu oynayır.

Bu baxımdan, həm Azərbaycan, həm də region üçün aqrar sahədə mühüm əhəmiyyət daşıyır. Burada ideyalar müzakirə olunur, həll yolları axtarılır, müxtəlif sahələrdən olan mütəxəssislərlə əməkdaşlıq edilir və həm qlobal, həm də yerli səviyyədə mövcud problemlərə praktik yanaşmalar tapılır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti