AŞPA və Avropa Parlamentinin son davranışları obyektivlikdən uzaqdır – Şərh

Siyasət Materials 4 May 2026 17:51 (UTC +04:00)
AŞPA və Avropa Parlamentinin son davranışları obyektivlikdən uzaqdır – Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Siyasi Birliyi Zirvə toplantısı fonunda səslənən mesajlar bir daha göstərdi ki, Avropa institutlarının hamısı regiondakı proseslərə eyni prizmadan baxmır. Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar isə bu fərqli yanaşmaların mahiyyətini açıq şəkildə ortaya qoydu və bəzi dairələrin siyasi qərəzini ifşa etdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili xatırladıb ki, Azərbaycan uzun illərdir, Avropa Şurası ilə əməkdaşlıq edir və bu platformada daim konstruktiv xətt nümayiş etdirib:

“Buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son davranışları obyektivlikdən uzaqdır. Xüsusilə, ölkəmizin öz ərazisində suverenliyini bərpa etməsindən sonra nümayəndə heyətinə qarşı tətbiq edilən məhdudiyyətlər siyasi motivli qərar təsiri bağışlayır. Bu yanaşma beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır və təşkilat daxilində ikili standartların dərin kök saldığını göstərir”.

Deputat bildirib ki, Avropa Parlamentinin fəaliyyəti də tənqiddən kənarda qala bilməz:

“Bu qurumun son illərdə qəbul etdiyi sənədlər konstruktiv dialoqa xidmət etmək əvəzinə, açıq şəkildə təzyiq alətinə çevrilib. Qısa zaman kəsiyində Azərbaycanla bağlı çoxsaylı qətnamələrin qəbul olunması artıq təsadüfi deyil, məqsədli siyasətin nəticəsi kimi görünür. Üstəlik, belə addımların mühüm beynəlxalq tədbirlər ərəfəsində atılması onların məqsədinin siyasi təsir yaratmaq olduğunu açıq göstərir”.

Onun sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib:

“BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və illərlə kağız üzərində qalan qətnamələrin icrası məhz Bakı tərəfindən həyata keçirildi. Bu, regionda yeni status-kvo yaratmaqla yanaşı, hüququn aliliyinin təmin olunması idi. Belə bir addıma qarşı qərəzli münasibət göstərilməsi yalnız ədalətsizlik deyil, həm də beynəlxalq sistemə inamı sarsıdan faktordur.

Azərbaycanın verdiyi cavab addımları da bu kontekstdə qiymətləndirilməlidir. Parlament səviyyəsində qəbul edilən qərarlar göstərir ki, Bakı birtərəfli ittihamları və əsassız təzyiqləri qəbul etmək niyyətində deyil. Əməkdaşlıq yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurula bilər”.

Milli Məclisin deputatı Səbinə Salmanova isə Trend-ə açıqlamasında deyib ki, Prezident İlham Əliyev Avropa Parlamentini Azərbaycana qarşı qərəzli mövqeyinə görə açıq tənqid edib:

“İkinci Qarabağ müharibəsindən sonra – 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Bu qətnamələrin hər biri isə bəzi dairələrin sifarişi, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Azərbaycan tərəfi isə hər zaman bu cür qərəzli yanaşmalara qarşı prinsipial mövqe sərgiləyib”.

Deputat bildirib ki, Milli Məclisin mayın 1-də qəbul etdiyi qərar bunun bariz nümunəsidir:

“Qərara əsasən, Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasındakı üzvlüyə xitam verilməsi prosedurlarına başlanılıb. Bu addım Azərbaycanın suveren hüquqlarını qorumaq və milli maraqlarını müdafiə etmək baxımından tam əsaslıdır. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil, balanslı və prinsipial xarici siyasət yürüdür. Ölkəmiz heç bir təzyiq qarşısında geri çəkilmir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan lideri İlham Əliyevin bu gün ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün nümunədir.

“Sülhə çağırış, əməkdaşlığa açıq olmaq, eyni zamanda milli maraqları qətiyyətlə müdafiə etmək müasir dövlət idarəçiliyinin ən optimal modelidir. Azərbaycan bu modeli uğurla tətbiq edərək həm regionda sabitliyə töhfə verir, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti