Bakı.Trend:
Aqrobiznesin İnkişafı Forumunun ilk dəfə olaraq “Caspian Agro Week” çərçivəsində keçirilməsinin xüsusi mahiyyəti var.
Trend xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov V Aqrobiznesin İnkişafı Forumunda çıxış edərkən deyib.
Nazir qeyd edib ki, regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur.
“Regionun ən nüfuzlu aqrar sərgilərindən biri olan “Caspian Agro Expo” kimi tanınan bu genişmiqyaslı platforma artıq yalnız texnologiyaların nümayişi deyil, həm də strateji dialoq və tərəfdaşlıq üçün mühüm beynəlxalq mərkəzə çevrilib.
Forum milli aqro-ərzaq gündəliyinə həsr olunmaqla ərzaq təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf kimi prioritet istiqamətlər üzrə birgə yanaşmaların müzakirəsi üçün yüksək səviyyəli platforma təqdim edir. Bu gün burada dayanıqlı və rəqabətqabiliyyətli aqro-ərzaq sistemlərinin formalaşdırılması, rəqəmsal transformasiya və süni intellektin kənd təsərrüfatına inteqrasiyası, fermerlərin iqlimə davamlı təcrübələrə keçidinin sürətləndirilməsi, eləcə də investisiya və ixrac imkanlarının genişləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək.
M.Məmmədov vurğulayıb ki, aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır.
“Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir. Təkcə 2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, on minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib.
Bununla yanaşı, biz kənd təsərrüfatında rəqəmsallaşmanı və innovasiyaları prioritet istiqamət kimi inkişaf etdiririk. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır”, - o bildirib.
