Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində Beşiktaşa getmək üçün sərnişin bərəsinə minən azərbaycanlı qadın müəmmalı şəkildə yoxa çıxıb.
Trend bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, 44 yaşlarında olan, Azərbaycan vətəndaşlığı olan Məğfurə Hüseynova mayın 2-də yerli vaxtla 22:00 radələrində gəminin göyərtəsinə qalxıb. Ancaq gəmi Beşiktaşa çatanda qadının göyərtədə olmadığı məlum olub. Onun yalnız əl çantası aşkarlanıb.
Araşdırmanın başlanılmasından sonra Hüseynovanın axtarışı məqsədilə videomüşahidə kameraları yoxlanılsa da, onların aprelin 14-dən bəri işləmədiyi ortaya çıxıb.
Kadıköy limanındakı müşahidə kameralarının görüntülərinin araşdırılması nəticəsində müəyyən edilib ki, qadın saat 22:30 radələrində turniketdən keçərək bərəyə minib. Hüseynovanın qızı Nigar Yusifli videoda görünən şəxsin anası olduğunu təsdiqləyib.
Azərbaycanlı qadının dənizə düşə biləcəyi ehtimalı nəzərə alınaraq, onun axtarışlarına sahil mühafizəsi, dalğıclar və polis cəlb olunub. Axtarışlar həm quruda, həm də sahilyanı ərazilərdə davam etdirilir. Üç gün davam edən səylərə baxmayaraq, qadına aid hər hansı iz tapmaq mümkün olmayıb.
