Bakı. Trend:
Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Cənubi Qafqazda yaranmış yeni reallıqları hamı eyni şəkildə qəbul etməyə hazır deyil. Prezident İlham Əliyevin çıxışı xüsusilə Avropadakı bəzi təsisatların selektiv yanaşmasını açıq şəkildə ifşa etdi və bu yanaşmanın regionda dayanıqlı sülhə xidmət etmədiyini ortaya qoydu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Millət vəkili bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurası ailəsinin üzvüdür və bu müddətdə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini dəfələrlə sübut edib:
“Lakin Avropa Şurası Parlament Assambleyasının son qərarları göstərir ki, bu qurum artıq hüquqi prinsiplərdən çox siyasi konyunkturaya əsaslanır. Xüsusilə 2023-cü ildə Azərbaycanın öz suveren ərazilərində separatçılığa son qoymasından dərhal sonra nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqi açıq-aşkar ikili standart nümunəsidir. Bu, faktiki olaraq beynəlxalq hüququn selektiv tətbiqidir və belə yanaşma təşkilatın nüfuzuna ciddi zərbə vurur”.
Onun sözlərinə görə, eyni tendensiya Avropa Parlamentinin fəaliyyətində də müşahidə olunur:
“Sülh prosesinə töhfə vermək əvəzinə, bu qurumun qəbul etdiyi çoxsaylı qətnamələr qərəzli və reallıqdan uzaq yanaşmanı nümayiş etdirir. Qısa müddətdə Azərbaycan əleyhinə ardıcıl sənədlərin qəbul edilməsi artıq sistemli siyasi kampaniya təsiri bağışlayır. Halbuki Avropanın daxilində kifayət qədər ciddi sosial və siyasi problemlər mövcuddur və bu məsələlər diqqət tələb edir”.

Deputat qeyd edib ki, Azərbaycanın mövqeyi isə aydındır və beynəlxalq hüquqa əsaslanır:
“Ölkəmiz BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini özü həyata keçirərək ərazi bütövlüyünü təmin edib. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq hüquq sisteminin bərpası demək idi. Belə olan halda, bu addıma qarşı təzyiq və ya qərəzli münasibət göstərilməsi məntiqsiz olmaqla yanaşı, həm də təhlükəli presedent yaradır.
Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı da məhz bu reallıqların nəticəsidir. Bu addım emosional deyil, prinsipial mövqenin ifadəsidir və qarşı tərəfə açıq mesajdır ki, hörmət və əməkdaşlıq yalnız qarşılıqlı olduqda mümkündür”.
Milli Məclisin deputatı Günay Ağamalı isə Trend-ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Avropa Parlamenti və AŞPA ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarına söykənən qətiyyətli və prinsipial mövqeyin açıq ifadəsidir:
“Adıçəkilən təsisatların Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəz artıq heç kim üçün sirr deyil. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququ təmin edib və separatizmə son qoyub. Avropa institutları beynəlxalq hüququn bərpasını dəstəkləməli idi. Amma biz tam əks mənzərə ilə qarşılaşdıq. Xüsusilə Avropa Parlamentinin ard-arda qəbul etdiyi qətnamələr qərəzdir, riyakarlıqdır. Beş il ərzində Azərbaycan əleyhinə 14 qətnamənin qəbul olunması sistemli siyasi təzyiq cəhdidir”.
Deputat vurğulayıb ki, AŞPA-nın davranışı, Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq olunan məhdudiyyətlər ikili standartların nümunəsidir:
“Otuz il ərzində Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz baş verəndə susanların, BMT qətnamələrinin icrasını tələb etməyənlərin bu gün fərqli mövqe sərgiləməsi ikiüzlülükdən başqa bir şey deyil”.

Millət vəkilinin sözlərinə görə, ən diqqətçəkən məqamlardan biri Azərbaycanın bütün bu təzyiqlərə baxmayaraq, sülh gündəliyinə sadiq qalmasıdır:
“Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli yanaşma siyasi tərəfdaşlıq prinsipləri ilə uzlaşmır. Milli Məclisin qəbul etdiyi qərar ölkəmizin milli maraqlarını və ləyaqətini qorumağa yönəlmiş prinsipial mövqenin ifadəsidir.
Ermənistanın da Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünə ev sahibliyini dəstəkləməsi göstərir ki, artıq bölgədə yeni siyasi atmosfer formalaşır.
Qərəzli Avropa dairələri anlamalıdır ki, Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir və heç bir beynəlxalq platforma ölkəmizə qarşı qərəzli münasibətə haqq qazandıra bilməz”.
