Bakı. Trend:
Avropa İttifaqının neft-qaz idxalı ilə bağlı xərcləri Yaxın Şərqdə meydana gəlmiş münaqişə ucbatından 30 milyard avrodan çox artıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Enerji və Mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Brüsseldə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Avropa İttifaqının fosil enerji resurslarının satın alınmasına çəkdiyi xərclər münaqişənin başlanmasından bəri 30 milyard avrodan çox artıb”, - deyə o bildirib və vurğulayıb ki, Avropa Komissiyası Aİ enerji sektorunun alternativ mənbələrə keçidinin sürətləndirilməsində israrlıdır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
