Bakı.Trend:
2026-cı ildə Bakıda keçiriləcək İslam İnkişaf Bankı (IsDB / İİB) Qrupunun illik toplantısının rəsmi mövzusu “Dayanıqlı rifah naminə regional inteqrasiya” elan olunub.
Bu barədə Trend IsDB-yə istinadən məlumat verir.
Mövzu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir tərəfindən təqdim olunub.
IsDB-də bildirilib ki, seçilmiş mövzu qlobal çağırışlar- geosiyasi parçalanma, iqlim sarsıntıları və təchizat zəncirlərinin qeyri-sabitliyi fonunda aktualdır.
“Birbaşa xarici investisiyalar və rəsmi inkişaf yardımı üzərində artan təzyiqlər fonunda ‘Dayanıqlı rifah naminə regional inteqrasiya’ mövzusu IsDB Qrupunun 2026–2035-ci illəri əhatə edən onillik strateji çərçivə proqramına uyğundur və regional əməkdaşlığın dayanıqlı uzunmüddətli artımın əsas hərəkətverici qüvvəsi kimi rolunu vurğulayır. İqtisadi, sosial və infrastruktur əlaqələrini gücləndirməklə, illik toplantı iştirakçıları üzv ölkələrdə xarici şoklara daha dayanıqlı inkişaf modeli və inklüziv rifahın formalaşdırılması yollarını müzakirə edəcəklər”, - deyə IsDB Qrupunun bəyanatında bildirilir.
Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantısı 2026-cı il iyunun 16-dan 19-dək Bakıda keçiriləcək və inkişaf məsələləri üzrə dialoq üçün aparıcı qlobal platformalardan biri olacaq. Toplantıda maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli nümayəndələri, özəl sektor rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri daxil olmaqla 2 000-dən çox nümayəndənin iştirakı gözlənilir.
