“Azərbaycanda nəqliyyatın aktual problemləri” mövzusunda XXVII elmi-texniki tələbə konfransı işə başlayıb (FOTO/VİDEO)

Siyasət Materials 5 May 2026 19:25 (UTC +04:00)
“Azərbaycanda nəqliyyatın aktual problemləri” mövzusunda XXVII elmi-texniki tələbə konfransı işə başlayıb (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 5-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın aktual problemləri” mövzusunda XXVII elmi-texniki tələbə konfransı işə başlayıb.

Trend xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin təşkilatçılığı ilə keçirilir. Tədbirdə MAA-nın tələbələri ilə yanaşı, ölkənin müxtəlif ali təhsil müəssisələrinin, eləcə də xarici ölkələrin ali məktəblərinin tələbələri iştirak edirlər.

Konfrans çərçivəsində iştirakçılar əvvəlcə Akademiyanın tələbələri tərəfindən hazırlanmış innovativ layihələrin sərgisi ilə tanış olublar.

Tədbiri açan MAA-nın birinci prorektoru professor Ədalət Səmədov Akademiyanın rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Bildirilib ki, bu il konfransa 9 bölmə üzrə ümumilikdə 196 elmi məruzə təqdim olunub və bu da tələbələrin nəqliyyat, aerokosmik texnologiyalar, logistika, informasiya texnologiyaları və digər sahələr üzrə artan tədqiqat aktivliyini və innovativ yanaşmalarını əks etdirir.

Plenar iclas çərçivəsində Rusiya Elmlər Akademiyasının müxbir üzvləri, fizika-riyaziyyat elmləri doktorları Pavel Paxlov və Taqir Auşev müvafiq olaraq “Fizika: mikrodünyadan makrosistemlərə qədər” və “Fundamental elmin texnoloji tərəqqidə rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Plenar iclasda, həmçinin MAA-nın gənc tədqiqatçıları tərəfindən aerokosmik texnologiyalar və süni intellekt istiqamətlərində aktual mövzular üzrə məruzələr təqdim olunub. Bu çərçivədə pilotsuz uçuş aparatları üçün dəqiq yükçatdırılma sistemləri, kosmik əməliyyatlarda süni intellektin tətbiqi, eləcə də mühərrik texnologiyaları və robototexnika sahəsində innovativ yanaşmalar müzakirə edilib.

Konfrans işini mayın 6-da bölmə iclasları ilə davam etdirəcək və tələbələrin elmi-tədqiqat nəticələrinin müzakirəsi, eləcə də yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün platforma rolunu oynayacaq.

Xəbər lenti

Xəbər lenti