Bakı. Trend:
Bakıda “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlıqla bağlı brifinq keçirilib.
Trend xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən təşkil olunub.
Brifinqdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strategiya, beynəlxalq əməkdaşlıq və elm departamentinin rəhbəri Riyad Axundzadə, eləcə də konfransın Katibliyinin nümayəndəsi Təhminə Həsənova çıxış ediblər.
Tədbirdə həmçinin Azərbaycanın aidiyyəti dövlət qurumlarının, diplomatik korpusun, ölkədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
Xüsusi diqqət su ehtiyatlarının davamlı idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, qlobal su gündəliyi ilə bağlı məlumatlılığın artırılmasına və geniş maraqlı tərəflərin konfransın işində iştirakına cəlb olunmasına yönəldilib.
