Bakı. Trend:
Bu ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.
"Son iki ayda Mərkəzi Bankda valyuta hərracı keçirilməyib. Bazarda valyuta təklifi tələbi kəskin üstələyib. Buna görə də AMB valyuta bazarına aprel ayında müdaxilə etdi və AMB-nin ehtiyatları 12,7 mlrd. dollara çatdı. Bu prosesləri nağd bazarında da görürük. Burada da təklif tələbi üstələyir. Qarşıdakı 2-3 ayda valyuta bazarında cari vəziyyət davam edəcək. Ehtimal olunur ki, AMB ilin sonunda yenidən valyuta bazarına müdaxilə etsin”, - Taleh Kazımov qeyd edib.
Qeyd edək ki, Mərkəzi Bank bir müddət əvvəl valyuta bazarına müdaxilə edib.
Belə ki, Mərkəzi Bankın məlumatına görə, son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib.
