Adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət Materials 6 May 2026 12:17 (UTC +04:00)
Adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun ekstradisiyası barədə Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Məlumata görə, Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda aparılan ibtidai istintaq zamanı Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30 iyul 1993-cü ildə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, eləcə də digər cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu əsasla o, təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, lakin istintaqdan yayındığı üçün barəsində 8 may 2025-ci il tarixində İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində saxlanılıb.

Hazırda Elşən Şamilovun Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Baş Prokurorluq eyni zamanda qeyd edib ki, axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilərək ölkəyə gətirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla, o cümlədən İnterpol ilə əməkdaşlıq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti