“CBC Sport”dan dünənki oyunun efirə getməməsi ilə bağlı – Açıqlama (YENİLƏNİB)

Gündəm Materials 7 May 2026 14:01 (UTC +04:00)
TV
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.

Trend xəbər verir ki, bu barədə matçın ölkəmizdə yayım hüququna sahib “CBC Sport” telekanalının dərc etdiyi açıqlamada bildirilib.

Bildirilib ki, gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb:

“Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.

Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

İdmansevərlərin anlayışına ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk”.

xxx
10:15

Bakı. Trend:

Ötən gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub. Münhen “Bayern”i Almaniyada Parisin PSJ klubunu qəbul edib.

Azərbaycanda da maraqla gözlənilən oyunun ölkəmizdəki yayımı baş tutmayıb.

Məsələ ilə bağlı matçın ölkəmizdəki yayım hüququna sahib olan “CBC Sport” telekanalının Xəbərlər və sosial media xidmətinin direktoru Şəmsəddin Abbasov Trend-ə açıqlama verib.

Kanal rəsmisi bildirib ki, problem texniki nasazlıqdan qaynaqlanıb.

“Avadanlıqdır, yandı, bizim əməkdaşlar sonadək düzəltməyə çalışdılar, lap yarımçıq da olsa, yayıma girmək istəyirdik, lakin heç nəyi düzəldə bilmədik, məsələ belə qaldı. Tamaşaçılarımızdan üzr istəyirik. İnanırıq ki, bundan sonra bir daha belə hadisə təkrarlanmaz”, - deyə o bildirib.

Məlumat üçün bildirək ki, UEFA Çempionlar Liqasının bir sıra oyunları İctimai Televiziyada da yayımlanır. İTV-dən sözügedən oyunun ölkəmizdə yayımlanmaması məsələsinin kanalla heç bir əlaqəsinin olmadığını bildirilib.

“UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.

“Bayern” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Oyunun yayımı ilə bağlı yaranan problemə görə İctimai Televiziya məsuliyyət daşımır”, - deyə açıqlamada qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti