Bakı. Trend:
ABŞ-nin “OpenAI” şirkəti əsas çatbot modeli kimi yeni “GPT-5.5 Instant” versiyasını təqdim edib.
Trend xəbər verir ki, bununla bağlı məlumat şirkətin rəsmi saytında dərc olunan press-relizdə yer alıb.
Bildirilib ki, “GPT-5.5 Instant” bundan sonra “ChatGPT”nin pulsuz istifadəçiləri üçün əsas model olacaq və bu ilin mart ayında təqdim edilən “GPT-5.3 Instant” modelini əvəz edəcək. Eyni zamanda, əvvəlki versiya ödənişli istifadəçilər üçün növbəti üç ay ərzində alternativ seçim kimi əlçatan qalacaq.
Şirkətin açıqlamasına əsasən, yeni model daha dəqiq, anlaşıqlı və fərdi yanaşma əsasında cavablar təqdim etmək imkanına malikdir. Aparılan daxili testlərin nəticələrinə görə, tibb, hüquq və maliyyə sahələrində yanlış məlumatların sayı 52.5 faiz, ümumi səhvlərin səviyyəsi isə 37.3 faiz azalıb.
Texniki göstəricilərdə də irəliləyiş qeydə alınıb. Belə ki, model “AIME 2025” riyaziyyat imtahanında 81.2 bal toplayıb, halbuki əvvəlki versiyanın nəticəsi 65.4 bal idi. “MMMU-Pro” çoxmodallı düşünmə testində isə nəticə 69.2 baldan 76 bala yüksəlib.
“OpenAI” həmçinin vurğulayıb ki, yeniləmədən sonra “ChatGPT” bütün modellər üzrə cavablarda istifadə olunan mənbələri göstərəcək. Bu yenilik istifadəçilərə təqdim olunan məlumatların hansı əsaslara söykəndiyini daha aydın görməyə imkan verəcək.