Bakı. Trend:
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə və "British Council"ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişafına verdikləri töhfəyə görə Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub.
Trend xəbər verir ki, mükafatları onlara Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld təqdim edib.
“Ən böyük imtiyazlardan biri, bir insana Onun Əlahəzrət Kral tərəfindən mükafata layiq görüləcəyini xəbər vermək imkanıdır. Bundan da xoşu isə bu mükafatı şəxsən Onun Əlahəzrəti adından təqdim etməkdir. Mənim üçün xüsusi məmnuniyyətdir ki, bu mükafatları böyük simpatiya və hörmət bəslədiyim iki insana təqdim edirəm. Onlar mənim burada Böyük Britaniyanın səfiri kimi fəaliyyət göstərdiyim dörd il ərzində, eləcə də məndən əvvəlki bir çox britaniyalı səfirlər dövründə Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərə böyük töhfə veriblər”, – deyə F.Auld bildirib.
O qeyd edib ki, bp “Əsrin müqaviləsi”nin imzalanmasından bəri Azərbaycanın inkişafında ayrılmaz rol oynayıb və ölkənin sonrakı inkişafına mühüm töhfə verib.
Səfir həmçinin vurğulayıb ki, "British Council" artıq demək olar ki, üç onillikdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin insan kapitalının inkişafına töhfə verir.
Bəxtiyar Aslanbəyli və Nərgiz Hacıyeva isə öz növbəsində fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkür edərək Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Xatırladaq ki, Bəxtiyar Aslanbəyli Kral III Çarlz tərəfindən Britaniya İmperiyasının Ən Şərəfli Ordeninin Zabiti (OBE) fəxri adına layiq görülüb. Nərgiz Hacıyeva isə Britaniya İmperiyasının Ordeninin Fəxri Üzvü (MBE) adına layiq görülüb.
