Bakı. Trend:
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqında (Aİ) islahatların həyata keçirilməsinə dair altı bənddən ibarət plan təqdim edib.
Trend xəbər verir ki, sənəddə Aİ-nin, xüsusilə xarici və təhlükəsizlik siyasəti sahəsində daha səmərəli fəaliyyət göstərməsi üçün geniş islahatların vacibliyi vurğulanır.
Nazirin sözlərinə görə, plan çərçivəsində əsas diqqət Brüsseldə gücləndirilmiş əməkdaşlıq mexanizminin daha fəal tətbiqinə yönəlib.
“Biz altı konkret istiqamət müəyyən etmişik. İlk növbədə, gücləndirilmiş əməkdaşlıq mexanizmindən daha geniş istifadə etməyi planlaşdırırıq. Yəni yaxın perspektivdə bütün 27 üzv dövlət arasında razılıq əldə olunmayan sahələrdə daha kiçik ölkə qrupları ilə irəliləyişə nail olmaq istəyirik”, – deyə o bildirib.
Y.Vadeful qeyd edib ki, ayrı-ayrı dövlətlərin uzunmüddətli bloklama imkanlarının qarşısını almaq məqsədilə xarici siyasət məsələlərində yekdillik prinsipinin ixtisaslı səs çoxluğu sistemi ilə əvəz olunması təklif edilir.
Plan həmçinin yeni üzvlərin mərhələli şəkildə qəbul edilməsi vasitəsilə Aİ-nin genişlənmə prosesinin sürətləndirilməsini nəzərdə tutur.
“Əgər Avropa İttifaqı olaraq biz bu prosesi təmin edə bilməsək, bunu başqaları edəcək. Nəticədə alternativ birliklər formalaşa bilər”, – deyə Almaniya XİN rəhbəri vurğulayıb.
Almaniya kansleri Fridrix Merts də artıq bu təşəbbüsə dəstəyini ifadə edib.