Azərbaycan Tacikistanın təşəbbüslərini dəstəkləyən ilk ölkələr sırasındadır – Səfir (ÖZƏL)

Siyasət Materials 6 May 2026 23:56 (UTC +04:00)
Azərbaycan Tacikistanın təşəbbüslərini dəstəkləyən ilk ölkələr sırasındadır – Səfir (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Tacikistanın təşəbbüslərini ardıcıl şəkildə dəstəkləyən ilk ölkələrdən biridir.

Bunu Trend-ə özəl müsahibəsində Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon “Su dayanıqlı inkişaf üçün” (2018–2028-ci illər) Beynəlxalq fəaliyyət onilliyi çərçivəsində Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlıqla bağlı brifinqin kuluarlarında bildirib.

Onun sözlərinə görə, Tacikistan ilə Azərbaycan arasında su ehtiyatları və iqlim sahəsində münasibətlər həmişə artan xətt üzrə inkişaf edib.

“Tacikistan tərəfindən irəli sürülən bütün təşəbbüslər daim Azərbaycanın dəstəyini qazanıb. Öz növbəsində, Tacikistan da Azərbaycanın iqlim təşəbbüslərini dəstəkləyir. Son 10 ildən artıq müddətdə Tacikistan BMT çərçivəsində su gündəliyi üzrə bir sıra təşəbbüslər irəli sürüb və onlar konsensus əsasında qəbul olunub. Prezidentlərimiz arasında yüksək etimad səviyyəsini nəzərə alaraq qarşılıqlı dəstəyə xüsusi önəm veririk”, – deyə o bildirib.

Səfir vurğulayıb ki, hər iki ölkə ekologiya, su ehtiyatları və iqlim gündəliyi sahələrində beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında (BMT) bir-birinin təşəbbüslərini dəstəkləməyə çalışır.

O, həmçinin Azərbaycanın tacik təşəbbüslərinə göstərdiyi dəstəyə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində müvafiq nazirlik və qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinqdə fəal iştirakına görə təşəkkürünü bildirib. Diplomatın sözlərinə görə, Azərbaycan tərəfi Düşənbədə keçiriləcək konfransda yüksək səviyyədə – nazir və böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

İlhom Abdurahmon qeyd edib ki, Azərbaycan ənənəvi olaraq Tacikistanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, tacik tərəfi də Azərbaycanda keçirilən iqlim forumlarında, o cümlədən Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirak etdiyi COP29-da yüksək səviyyədə təmsil olunur.

Səfir vurğulayıb ki, su problemləri bu gün qlobal çağırışdır.

“Su ehtiyatlarının çatışmazlığı dünyanın bir çox regionlarında, o cümlədən Afrika ölkələrində müşahidə olunur. Buzlaqların əriməsi, o cümlədən Tacikistanda, iqlim dəyişikliklərinə və təbii fəlakətlərə səbəb olmaqla ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət, o cümlədən Qərb ölkələri və region dövlətləri bu məsələyə artan diqqət göstərir”, – deyə o bildirib.

İlhom Abdurahmon xatırladıb ki, ötən il Tacikistanda buzlaqların əriməsi probleminə həsr olunmuş beynəlxalq konfrans keçirilib və həmin tədbirdə Azərbaycan tərəfi də iştirak edib.

Sonda səfir əminliyini ifadə edib ki, ikitərəfli münasibətlərin səviyyəsi bundan sonra da möhkəmlənəcək.

Xəbər lenti

Xəbər lenti