Bakı. Trend:
Azərbaycanın İtaliya ilə qurduğu münasibətlər bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və milli maraqların qorunması prinsipləri üzərində uğurla inkişaf edir. Bu münasibətlərin məzmununa diqqət yetirdikdə görünür ki, ölkələr arasında iqtisadi maraqlara uyğun olaraq həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri tərəflərin əməkdaşlıq siyasətinin uzunmüddətli xarakterini göstərir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov deyib.
Millət vəkili bildirib ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı deyilən fikirlər ölkələr arasındakı bağların nə qədər dərin olduğunu nümayiş etdirir:
“Ölkələrimiz arasında 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr münasibətlərimizin sarsılmaz təməlini təşkil edir. İtaliya rəhbərinin Ermənistandakı proqramını bitirdikdən dərhal sonra Bakıya gəlməsi Azərbaycana göstərilən xüsusi hörmətin və siyasi münasibətlərdə qorunan balansın göstəricisidir.
Hazırda İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması və ötən il ticarət dövriyyəmizin təxminən 12 milyard dollar təşkil etməsi bu iqtisadi birliyin geniş miqyasından xəbər verir.
Xüsusilə enerji sahəsindəki güclənən tərəfdaşlığımızla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir. Ölkəmizin enerji sahəsində ixrac əməliyyatlarının həcminin genişləndirilməsi məqsədinə müvafiq olaraq gündəmdə olan əsas məsələlərdən biri də TAP layihəsi vasitəsilə İtaliya bazarına göndərilən təbii qazın həcminin daha da artırılmasıdır”.
Deputat vurğulayıb ki, iqtisadi və siyasi əlaqələrlə yanaşı hərbi-texniki və investisiya sahələrində də partnyorluq diqqət mərkəzində saxlanılır:
“Yeni və ümidverici sahə olan hərbi-texniki əməkdaşlıq çərçivəsində İtaliya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi, birgə istehsalın təşkili nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına 3 milyard dollara yaxın sərmayə qoyması ölkəmizin tərəfdaş dövlətin inkişafına verdiyi dəstəyin göstəricisidir. Sevindirici haldır ki, Azərbaycanda uğurla fəaliyyət göstərən İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində 23 layihə ilə xarici ölkələr arasında qabaqcıl yerlərdədir. Təhsil sahəsindəki əməkdaşlığın rəmzi olan İtaliya-Azərbaycan Universiteti isə gələcəkdə hər iki xalq arasında mənəvi körpü rolunu oynayacaq peşəkarlar yetişdirir”.
