Leypsiq. Trend:
Azərbaycan nəqliyyat məsələlərinə qeyri-Qərb baxışını gətirməklə və qeyri-Avropa ölkələrinin iştirakını fəallaşdırmaqla Beynəlxalq Nəqliyyat Forumunda (ITF) müzakirələrə zənginlik qatıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə ITF-in baş katibi Yon Te Kim təşkilatın Leypsiq sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Azərbaycan bu platformaya sədrlik edən ilk Mərkəzi Asiya ölkəsi olub. Biz həmişə Qərbi Avropa tərəfdən çoxlu sayda nümunələr alırdıq, lakin məhz Azərbaycanın sədrliyi sayəsində eyni məsələləri fərqli kontekstdə nəzərdən keçirmək imkanı əldə etdik. Bu, həqiqətən də müzakirələrimizi zənginləşdirdi. Mən bundan çox məmnun idim və hər zaman Azərbaycan tərəfindən tam dəstəyin olduğunu görürdüm”, - deyə Kim bildirib.
Qeyd edək ki, bu gün Leypsiq şəhərinin Konqres Mərkəzində Beynəlxalq Nəqliyyat Forumu (ITF) sammitinin açılışı olub. Sözügedən tədbir dünyanın nəqliyyat nazirlərinin genişmiqyaslı illik toplantısıdır. Tədbirdə 80-dən çox ölkədən 1200-dən artıq nümayəndə, o cümlədən, nazirlər, maliyyəçilər, beynəlxalq təşkilatların rəhbərləri, biznes təmsilçiləri və ekspertlər iştirak edirlər.
Zirvə toplantısının builki mövzusu dayanıqlı nəqliyyatın maliyyələşdirilməsidir.
