Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev ilə vropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında keçirilən görüş, təkcə protokol xarakterli diplomatik təmas deyil, daha geniş geosiyasi və iqtisadi kontekstdə qiymətləndirilməlidir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı mərhələdə hansı istiqamətlər üzrə inkişaf etdiyini və tərəflərin strateji prioritetlərini aydın şəkildə ortaya qoyur.
"İlk növbədə, enerji məsələsi bu münasibətlərin əsas sütunu olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusilə son illərdə daha da ön plana çıxıb. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqının alternativ enerji mənbələrinə yönəlməsi fonunda Azərbaycan etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirib. Almaniya və Avstriya kimi iri iqtisadiyyatlara Azərbaycan qazının çatdırılması bu əməkdaşlığın coğrafiyasının genişləndiyini və artıq daha dərin inteqrasiyaya doğru getdiyini göstərir. Bu isə o deməkdir ki, Bakı yalnız enerji ixracatçısı deyil, həm də Avropanın strateji enerji tərəfdaşlarından biri kimi çıxış edir".
A.Qarayev qeyd edib ki, bununla yanaşı, görüşdə müzakirə olunan rəqəmsal transformasiya, süni intellekt və bərpaolunan enerji kimi sahələr əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
"Bu istiqamətlər təsadüfi deyil. Avropa İttifaqı yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahəsində qlobal liderliyə can atır, Azərbaycan isə iqtisadiyyatını şaxələndirmək və neft-qaz asılılığını azaltmaq niyyətindədir. Bu maraqların üst-üstə düşməsi tərəflər arasında uzunmüddətli və davamlı əməkdaşlıq üçün ciddi zəmin yaradır. Xüsusilə bərpaolunan enerji layihələri gələcəkdə Azərbaycanın Avropaya "yaşıl enerji" ixrac edən ölkəyə çevrilməsi ehtimalını gücləndirir".
Politoloq qeyd edib ki, siyasi və təhlükəsizlik məsələləri də bu görüşün mühüm hissəsini təşkil edir.
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlar və Azərbaycanın sülh gündəliyini irəli sürməsi Avropa İttifaqı tərəfindən diqqətlə izlənilir. Bu kontekstdə Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində baş verən proseslər və Prezident İlham Əliyevin videobağlantı ilə iştirakı Azərbaycanın regional diplomatiyada fəal rol oynadığını göstərir. Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması isə iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmaqla yanaşı, etimad quruculuğu baxımından da mühüm addım kimi qiymətləndirilə bilər".
A. Qarayev vurğilayıb ki, digər tərəfdən, Avropa İttifaqının Azərbaycanda minatəmizləmə fəaliyyətinə dəstəyi humanitar və təhlükəsizlik aspektindən xüsusi əhəmiyyət daşıyır.
"Müharibədən sonra azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, məcburi köçkünlərin geri dönüşü və infrastrukturun bərpası üçün bu cür dəstək vacibdir. TRIPP layihəsinin qeyd olunması isə regionda nəqliyyat və logistika əlaqələrinin inkişafına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi kimi çıxış edir", - deyə o qeyd edib.
