Bakı. Trend:
Azərbaycan Respublikasının yürütdüyü xarici siyasət kursu son həftələrdə mühüm hadisələrlə əlamətdardır. Aprel ayında Prezident İlham Əliyevin Türkiyə və Gürcüstana səfərləri, habelə Litva və Çexiya baş nazirlərinin, Ukrayna və Latviya prezidentlərinin Azərbaycana səfərləri göstərir ki, çoxvektorlu xarici siyasi kursu həyata keçirən Azərbaycan qlobal səviyyədə orta gücə çevrilən və yeni dünya nizamının formalaşmasına real təsiri olan bir dövlətdir.
Bu səfərlərin fonunda diqqəti çəkən əsas məqamlar Avropa İttifaqı üzvü olan dövlətlərin Azərbaycanla əməkdaşlığa verdikləri böyük önəm və respublikamızın həm regional, həm də qlobal proseslərdəki rolunu düzgün dəyərləndirmələridir. May ayının 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri bu reallığın növbəti təsdiqi oldu.
İtaliya ilə Azərbaycan arasında siyasi əlaqələr hər zaman yüksək səviyyədə olub. Avropanın böyük dövlətləri sırasında Azərbaycanın ilk strateji tərəfdaşı da məhz İtaliyadır. İtaliyanın Azərbaycana verdiyi böyük önəmin əsas siyasi göstəricilərindən biri Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etməsidir. Bu ölkənin siyasi dairələri artıq keçmişdə qalan Qarabağ probleminin həllində də hər zaman Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdiriblər. O cümlədən, İkinci Qarabağ müharibəsi zamanı da İtaliya siyasi və strateji tərəfdaşlığa, həmçinin, dostluq münasibətlərinə sadiq qalaraq obyektiv və ədalətli mövqe tutub.
Prezident İlham Əliyev İtaliyaya dövlət, rəsmi və işgüzar səfərlər edib. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella, 2013-cü ildə isə bu ölkənin sabiq Baş naziri Enriko Letta Azərbaycana gəlib. Respublikamızın Vitse-prezidenti Mehriban Əliyeva İtaliyada rəsmi səfərlərdə olub. Habelə, iki dövlətin parlamentlərinin sədrləri qarşılıqlı səfərlər ediblər. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin yüksələn xətlə inkişafına yol açıb, onların etibarlı strateji tərəfdaşlara çevrilməsinə xidmət edib.
Ciorcia Meloninin Azərbaycana səfərinin isə siyasi tərəfləri ilə yanaşı, həm də rəmzi əhəmiyyəti var. İtaliya Nazirlər Şurasının sədri Ermənistanda çoxtərəfli tədbirdə iştirakdan sonra respublikamıza gəldi və bu, Azərbaycanla İtaliyanın dostluğunu və strateji tərəfdaşlığını bir daha təsdiq edən siyasi hadisə oldu. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bununla bağlı deyib:
«Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür».
Azərbaycan və İtaliya arasındakı iqtisadi əlaqələr, ticarət dövriyyəsi də strateji tərəfdaşlığın mahiyyətinə uyğundur. Respublikamız uzun illərdir ki, bu ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bu barədə ətraflı bəhs edərək, statistik göstəriciləri də diqqətə çatdırdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi keçən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi təxminən 12 milyard dollar təşkil etmişdir. Bu baxımdan İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. İki dövlət arasındakı iqtisadi əlaqələrin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 9,5 milyardı İtaliyanın payına düşür.
İki dövlət arasında humanitar və hərbi sahələrdə də sıx münasibətlər var. İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələr həyata keçirmələri, Bakıda İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması, hərbi sahədə əməkdaşlıq iki dövlət arasındakı dostluğun və strateji tərəfdaşlığın təzahürü olan münasibətlərdir.
Ciorcia Meloninin səfər zamanı keçirilən görüşdə enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi, qaz ixracının daha da artırılması, o cümlədən, hərbi-texniki əməkdaşlıq, bu sahədə birgə layihələrin həyata keçirilməsi və istehsalın təşkil edilməsi ilə bağlı müzakirələr aparıldı. Təbii ki, ölkə rəhbərləri arasındakı dialoq bütün sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Bu baxımdan İtaliya Respublikası Nazirlər Şurasının sədrinin səfəri göstərir ki, Azərbaycan və İtaliyanın siyasi, iqtisadi münasibətlər və digər sferalardakı əməkdaşlıq əlaqələri bundan sonra daha da dərinləşəcəkdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.
Onu da qeyd edək ki, İtaliya həm də Avropa İttifaqında Azərbaycanın ən böyük və ən yaxın tərəfdaşıdır. Bu ölkənin siyasi dairələri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında da mühüm rol oynayırlar. Bu nöqteyi-nəzərdən Ciorcia Meloninin respublikamıza səfəri həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına töhfə verən mühüm siyasi hadisədir.
Ümumilikdə, Ciorcia Meloni Avropa İttifaqına üzv olan dövlətlərdən son həftələrdə Azərbaycana səfər edən 4-cü ali rəhbərdir. Bu səfərlərin hər biri son 5 ildə Azərbaycana qarşı 14 qərəzli və iftira dolu qətnamə qəbul edən Avropa Parlamentinə, onun korrupsiyaya qurşanmış üzvlərinə verilən layiqli siyasi cavablardır. Bu səfərlər həm də Avropada, ABŞ-də ölkəmizə qarşı qarayaxma kampaniyası aparan sapı özümüzdən olan baltalara verilən tutarlı cavabdır. Bəli, Avropa Parlamentinin üzvləri nə qədər erməni lobbisinin alətinə çevrilərək Azərbaycana qarşı böhtan dolu qətnamələr qəbul etsələr də, antimilli ünsürlər qədər Azərbaycanın uğurlarına kölgə salmağa çalışsalar da, dünyanın aparıcı siyasi mərkəzləri Azərbaycanla dostluğa və tərəfdaşlığa can atırlar. Azərbaycan müstəqil və qətiyyətli siyasət yürüdən, aydın inkişaf hədəfləri olan, regionda və dünyada aktual məsələlərdə özünün qətiyyətli mövqeyi ilə fərqlənən dövlətdir. Heç bir antiazərbaycançı qrup Azərbaycanı öz yolundan döndərə, dövlətimizin müstəqil siyasətinə təsir göstərə bilməz. Azərbaycanla şantaj, böhtan və təhdid dilində danışmaq mümkün deyil. Ona görə özünü müxalifətçi hesab edən antimilli ünsürlərin və erməni lobbisinin sifarişlərini yerinə yetirən Avropa Parlamentinin üzvlərinin nə demələrindən asılı olmayaraq Azərbaycan öz yolu ilə inamla addımlayır, öz uğurları ilə antiazərbaycançı şəbəkəni darmadağın edir. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri də bu baxımdan respublikamızın növbəti siyasi uğuru oldu.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı