Bakı. Trend:
Su ehtiyatlarının idarə olunması ilə yanaşı, kənd təsərrüfatında sudan səmərəli istifadə üçün müasir texnologiyaların tətbiqi də zəruri məsələlərdəndir. Hazırda ölkədə əkin sahələrinin təxminən 11 faizində müasir suvarma texnologiyaları tətbiq edilir.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun 3-cü günündə deyib.
O vurğulayıb ki, digər ərazilərdə də ağıllı və müasir suvarma sistemlərinin genişləndirilməsi həm Kənd Təsərrüfatı Nazirliyinin, həm də aidiyyəti dövlət qurumlarının qarşısında duran əsas hədəflərdən biridir:
"Bu gün kənd təsərrüfatında böyük transformasiya mərhələsi müşahidə olunur. Rəqəmsallaşma artıq sadəcə trend deyil, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda idarəetmə prinsipləri rəqəmsal həllərə, texnoloji dəstəyə və dəqiq məlumat bazalarına əsaslanır. Azərbaycan dövləti üçün də su ehtiyatlarından səmərəli istifadə istiqamətində müasir texnologiyaların tətbiqi əsas prioritetlərdən biridir.
Bu istiqamətdə su ehtiyatlarının qiymətləndirilməsi, su uçotunun qurulması, sudan səmərəli istifadə, suyun ədalətli bölüşdürülməsi və son istehlakçıya tələbat səviyyəsində çatdırılması üçün müasir texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi vacib hesab olunur.
Hazırda elektron su təsərrüfatı informasiya sistemi yaradılır. Bu sistem vasitəsilə ölkənin bütün su resurslarının vahid platformada birləşdirilməsi təmin ediləcək. Sistem Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və digər aidiyyəti qurumların istifadəsinə açıq olacaq. Çünki bu gün suyun idarə olunması müxtəlif qurumların koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilir və su uçotunun qurulması əsas istiqamətlərdən biridir".
Sədr müavini qeyd edib ki, bu çərçivədə suyun mənbədən son istehlakçıya qədər ölçülməsi və uçotunun aparılması istiqamətində işlər görülür:
"Artıq çaylarda 14 hidropost qurulub və həmin məntəqələr vasitəsilə su səviyyələri onlayn rejimdə izlənilir. Bu məlumatlar əsasında proqnozlaşdırma aparılır, su tələbatı müəyyənləşdirilir və su ehtiyatlarının effektiv idarə olunması təmin edilir.
Elektron su təsərrüfatı informasiya sistemində ölkənin bütün su
ehtiyatları, su anbarları, yeraltı və yerüstü su mənbələri,
artezian quyuları və digər infrastruktur obyektləri vahid şəkildə
idarə olunacaq. Bununla yanaşı, rəqəmsallaşma layihələri
çərçivəsində içməli su, tullantı suları, suvarma sistemləri və
yağış suları infrastrukturu üzrə məlumat bazası formalaşdırılır və
bu işlərin böyük hissəsi artıq tamamlanmaq üzrədir.
Süni intellekt həllərinə gəldikdə isə, bu texnologiyalar böyük
məlumat bazalarına əsaslanır. Hazırda həm Kənd Təsərrüfatı
Nazirliyində, həm də aidiyyəti dövlət qurumlarında geniş məlumat
bazaları formalaşdırılıb. Məsələn, 1 milyon 955 mindən çox abonent
və su istehlakçısı barədə məlumat toplanıb, onların uzunmüddətli
istifadə göstəriciləri, su tələbatı və ödəniş məlumatları təhlil
edilir".
İ. Bayramov bildirib ki, bu istiqamətdə böyük data infrastrukturlarının qurulması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə fəaliyyət həyata keçirilir:
"Hazırda çağrı mərkəzləri, sənədlərin idarə olunması, dağlıq ərazilərdə qar həcminin ölçülməsi, sel və subasma risklərinin idarə olunması kimi sahələrdə artıq süni intellekt həlləri tətbiq edilir. Bu proseslərin davamlı şəkildə genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda elektron kənd təsərrüfatı informasiya sistemi ilə elektron su təsərrüfatı informasiya sisteminin inteqrasiyası istiqamətində də işlər aparılır. Artıq məlumat mübadiləsinə başlanılıb və gələcəkdə hər bir fermer üçün daha dəqiq həllərin hazırlanması, su tələbatının operativ izlənməsi və bu tələbatın vaxtında qarşılanması informasiya sistemləri vasitəsilə tam şəkildə idarə olunacaq".
