Bakı. Trend:
Azərbaycan yaxın gələcəkdə donor ölkəyə çevrilmək potensialına malikdir.
Bunu IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfəri çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Əl-Casir bildirib ki, İslam İnkişaf Bankı Azərbaycanla əməkdaşlığın perspektivlərinə nikbin baxır.
“Biz artıq Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçiririk, belə ki, onun gələcəyinə və iqtisadi idarəetmənin keyfiyyətinə inanırıq. Biz İslam İnkişaf Bankının üzv ölkələrində məhz bunu görmək istəyirik. İnanırıq ki, Azərbaycan inkişaf etmiş iqtisadiyyata və donor ölkəyə çevriləcək, borcalan ölkə olmayacaq. Mənim fikrimcə, bu hədəfə çatmağa o qədər də çox qalmayıb”, - deyə o bildirib.
Əl-Casir Azərbaycanın beynəlxalq ticarət və logistika üzrə regional mərkəz kimi artan rolunu da yüksək qiymətləndirib.
“Birincisi, Azərbaycanın əlverişli və rahat strateji coğrafi mövqeyi var. İkincisi, ölkə iqtisadiyyatı çox balanslı və düşünülmüş şəkildə idarə olunur. Azərbaycan region ölkələri ilə dostluq münasibətləri qurur ki, bu da iqtisadi inkişaf üçün son dərəcə vacibdir. Bu baxımdan Azərbaycan və regionun digər ölkələri yüksək qiymətə layiqdir, çünki onlar iqtisadiyyatın inkişafına və gənclər üçün keyfiyyətli iş yerlərinin yaradılmasına fokuslanıblar. Azərbaycan bu baxımdan irəlidə olaraq ticarət marşrutlarının, logistikanın və nəqliyyat dəhlizlərinin – istər dəmir yolları, istər avtomobil magistralları, istərsə də dəniz bərə xətləri üzrə – inkişafı üçün cəlbedici qovşağa çevrilir. Bütün bunlar artıq Azərbaycanı regionda mühüm ticarət qovşağına çevirir və region ölkələrinin potensialının artmasına töhfə verir. Azərbaycan bu prosesdə çox müsbət rol oynayır”,- deyə o qeyd edib.
