“Neftçi”yə FIFA-dan transfer qadağası: Klubdan açıqlama gəldi

İdman Materials 7 May 2026 09:43 (UTC +04:00)
“Neftçi”yə FIFA-dan transfer qadağası: Klubdan açıqlama gəldi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) “Neftçi” futbol klubuna transfer qadağası tətbiq edib.

Trend xəbər verir ki, bu barədə qərar dünyanın ən böyük idman təşkilatının rəsmi saytında dərc edilib.

Qərara əsasən, kişilərdən ibarət “Neftçi” futbol komandası 5 may 2026-cı ildən başlayaraq qarşıdakı üç transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.

Klubdan məsələ ilə bağlı rəsmi açıqlama da verilib. Bildirilib ki, transfer qadağasının texniki problemlerlə əlaqədardır, tez bir zamanda aradan qalxacaq:

“Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”.

FIFA-nın rəsmi saytında qeyd edilib ki, FIFA-nın Transfer Qadağası Siyahısı futbol ictimaiyyəti üçün mühüm resurs hesab olunur. Siyahıda FIFA tərəfindən transfer qadağası tətbiq edilən və hazırda yeni futbolçu qeydiyyatdan keçirmək hüququndan müvəqqəti məhrum olunan klublar yer alır.

Bu qadağalar əsasən maliyyə mübahisələri və ya müxtəlif normativ qayda pozuntuları səbəbindən tətbiq edilir. FIFA-nın Transfer Qadağası Siyahısı milli assosiasiyalar, konfederasiyalar, klublar, futbolçular və agentlər üçün vacib məlumat mənbəyi rolunu oynayır.

Siyahı futbol sahəsində şəffaflığın və qaydalara uyğunluğun təmin edilməsinə kömək edir, həmçinin tərəflərin qadağa müddəti ərzində hansı klubların yeni oyunçu transfer edə bilmədiyini izləməsinə imkan yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti