Gələcəyin mütəxəssisi müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır - BDU rektoru

İqtisadiyyat Materials 7 May 2026 14:47 (UTC +04:00)
Gələcəyin mütəxəssisi müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır - BDU rektoru
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı dövründə aqrar sığorta, risklərin düzgün qiymətləndirilməsi və elmi yanaşma daha da aktuallaşır. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının dirçəldilməsi, torpaqların dövriyyəyə qaytarılması və dayanıqlı təsərrüfatların yaradılması üçün sığorta mexanizmləri mühüm rol oynayacaq.

Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu gün Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Sığorta Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı ölkə iqtisadiyyatının, ərzaq təhlükəsizliyinin və regionların inkişafının əsas sahələrindən biridir.

"Bu sahə eyni zamanda təbii risklərə ən çox məruz qalan sahədir. Buna görə də aqrar sahədə risklərin idarə olunması və fermerin qorunması xüsusi əhəmiyyət daşıyır. Aqrar sığorta məhz bu baxımdan mühüm təminat mexanizmidir. O, fermerin risk qarşısında tək qalmamasına, təsərrüfat fəaliyyətinin davamlılığının qorunmasına və kənd təsərrüfatı istehsalında sabitliyin təmin olunmasına xidmət edir. Aqrar sığorta fermer üçün əlavə xərc kimi deyil, onun əməyini, məhsulunu və gələcəyini qoruyan etibarlı vasitə kimi qəbul edilməlidir.

Azərbaycanda bu sahədə mühüm addımlar atılıb. “Aqrar sığorta haqqında” Qanunun qəbul edilməsi, Aqrar Sığorta Fondunun yaradılması və sığorta mexanizmlərinin tətbiqi dövlətin fermerə və aqrar sektora verdiyi önəmin göstəricisidir. Bu sistemin daha da inkişafı kənd təsərrüfatında dayanıqlığın artırılmasına, investisiya mühitinin yaxşılaşmasına və istehsalçıların sosial-iqtisadi müdafiəsinin güclənməsinə töhfə verir.
Bu gün aqrar sığortanın əhəmiyyəti daha da artır. Çünki iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ekstremal hava hadisələrinin çoxalması kənd təsərrüfatı üçün yeni çağırışlar yaradır. Belə şəraitdə elmi əsaslandırılmış qərarlar, müasir monitorinq sistemləri, rəqəmsal texnologiyalar və sığorta alətləri birgə tətbiq olunmalıdır".

Elçin Babayev həmçinin bildirib ki, ən vacib məsələlərdən biri də gənc kadrların hazırlanmasıdır. O qeyd edib ki, aqrar sığorta yalnız sığorta işi deyil; bu sahə iqtisadiyyat, hüquq, kənd təsərrüfatı, coğrafiya, hidrometeorologiya, ekologiya, informasiya texnologiyaları və data analitikasını birləşdirən geniş bir istiqamətdir:

"Gələcəyin mütəxəssisi həm fermerin ehtiyaclarını anlamalı, həm riskləri düzgün qiymətləndirməli, həm də müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti