Bakı.Trend:
İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) Azərbaycanda fəaliyyətini genişləndirmək üçün əhəmiyyətli potensial görür. Bu, sığorta təminatının həcminin artırılmasını və ölkəyə yeni investisiyaların cəlb edilməsini əhatə edir.
Bu barədə Trend-ə İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlığa həsr olunmuş təqdimat çərçivəsində ICIEC-in Biznesin İnkişafı Departamentinin direktoru Yasir Alaki məlumat verib.
“Azərbaycan 2020-ci ildə ICIEC-ə üzv olub. Bu müddət ərzində biz ölkədə bir sıra tərəfdaşlarla, o cümlədən bazardakı əsas tərəfdaşlarımızdan biri olan AZPROMO ilə əməkdaşlıq etmişik. Əsas diqqətimizi maliyyə və sənaye sektorlarına yönəltmişik. Azərbaycan bankları ilə birlikdə onların ticarət maliyyələşdirilməsini dəstəkləməyə çalışırıq ki, onlar azərbaycanlı ixracatçıların dünya bazarlarına çıxışına kömək edə bilsinlər. Biz həmçinin bütün dünya üzrə idxalçıların ödəniş etməməsi riskindən qoruyan sığorta xidmətləri təqdim edirik”- deyə Alaki bildirib.
O qeyd edib ki, ICIEC eyni zamanda müxtəlif ölkələrdən daxil olan akkreditivlərin təsdiqlənməsi istiqamətində Azərbaycan banklarının potensialının gücləndirilməsi, eləcə də kiçik və orta biznesin dəstəklənməsi məqsədilə beynəlxalq banklardan Azərbaycan banklarına maliyyələşdirmə xətlərinin genişləndirilməsi üzərində işləyir.
“Bundan əlavə, biz həm təşkilata üzv ölkələrdən, həm də təşkilata üzv olmayan ölkələrdən investorları Azərbaycana cəlb etməyə çalışırıq. Sığorta təminatı təqdim etməklə, ölkəyə investisiya qoyuluşu ilə bağlı riskləri azaldırıq. Beləliklə, ölkədə biznes fəallığının artmasına və yeni imkanların yaradılmasına töhfə veririk”, - deyə Y. Alaki bildirib.
O həmçinin vurğulayıb ki, Azərbaycandakı layihələr üçün zəmanət və sığorta həlləri portfelinin genişləndirilməsi planlaşdırılır:
“Bu günə qədər biz Azərbaycanda ticarət və investisiyalar daxil olmaqla təxminən 120 milyon ABŞ dolları həcmində əməliyyatları sığorta təminatı ilə əhatə etmişik. Hesab edirik ki, bu hələ kiçik göstəricidir və ölkədə xidmətlərimizi genişləndirmək üçün böyük potensial görürük. Buna görə də daha çox investisiyanın cəlb olunması məqsədilə tərəfdaşımız AZPROMO, yerli banklar və beynəlxalq banklarla işləməyi planlaşdırırıq. Azərbaycanda fəaliyyətimizi genişləndirmək üçün böyük iddialarımız var və qrupun illik görüşləri çərçivəsində ölkədə biznesin daha da inkişafı üçün əsas müştərilər və tərəfdaşlarla danışıqlar aparacağıq”,-deyə Y. Alaki fikrini yekunlaşdırıb.
