ICIEC son beş ildə Azərbaycanda təxminən 120 milyon ABŞ dolları məbləğində sığorta təminatı həyata keçirib

Maliyyə Materials 7 May 2026 13:16 (UTC +04:00)
ICIEC son beş ildə Azərbaycanda təxminən 120 milyon ABŞ dolları məbləğində sığorta təminatı həyata keçirib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

İslam İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) son beş ildə Azərbaycanda təxminən 120 milyon ABŞ dolları məbləğində sığorta təminatı həyata keçirib.

Trend xəbər verir ki, bunu ICIEC-nin Biznesin İnkişafı departamentinin direktoru Yasir Alaki Bakıda, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıqla bağlı keçirilən təqdimat zamanı deyib.

"ICIEC Azərbaycanın investisiyalarını və ixracını sığortalayaraq riskləri azaldır və beynəlxalq maliyyələşməyə çıxışı genişləndirir. Korporasiya üzv ölkələr arasında, eləcə də üzv ölkələrimizlə dünyanın digər ölkələri arasında ticarəti dəstəkləyir və asanlaşdırır - bunun üçün investorları və ixracatçıları dünyanın istənilən nöqtəsində onların tərəfdaşları tərəfindən ödəniş edilməməsi riskindən qorumaq məqsədilə investisiya və ticarət kreditlərinin sığortası xidmətlərini təqdim edir.

Azərbaycana gəldikdə isə, bizim rolumuz azərbaycanlı ixracatçıların məhsullarını dünyanın istənilən ölkəsinə ixrac etməsinə kömək etməkdir və bu zaman onların alıcıları tərəfindən ödəniş edilməməsi riskini öz üzərimizə götürürük.

Beləliklə, azərbaycanlı ixracatçılar artıq idxalçılardan əlavə zəmanətlər və ya akkreditivlər tələb etməli olmurlar. Biz dünya üzrə alıcıların risk qiymətləndirilməsi və kredit məlumatları sistemimiz əsasında onları ödəniş edilməməsi riskindən qoruyan sığorta təminatı təqdim edə bilirik.

Biz, həmçinin yalnız üzv ölkələrdən deyil, dünyanın istənilən ölkəsindən Azərbaycana investisiyaları təşviq edirik. Bunun üçün müharibə, iğtişaşlar, ekspropriasiya və digər risklər də daxil olmaqla siyasi və ölkə risklərinin sığortasını təqdim edirik",- deyə o bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanda layihələri maliyyələşdirən investorların və beynəlxalq bankların inamını artırır.

"Biz geniş xidmət spektrinə malikik: ixracatçı-təchizatçıların sığortası, Azərbaycan bankları üçün təsdiqlənməmiş akkreditivlərin sığortası, idxal və ixrac üçün ticarət maliyyələşdirilməsi, eləcə də investisiya sığortası. Bizim benefisiarlarımız banklar və maliyyə institutları, korporasiyalar, ixracatçılar və idxalçılar, həmçinin sığorta dəstəyi təqdim etdiyimiz dövlət qurumlarıdır",- deyə icraçı direktor əlavə edib.

O, Azərbaycanın ICIEC-ə 2020-ci ildə qoşulduğunu xatırladıb.

"1994-cü ildə fəaliyyətə başladığımız vaxtdan etibarən ümumilikdə təxminən 140 milyard ABŞ dolları məbləğində təminat vermişik. Bunun 31 milyard dolları investisiya sığortasının, 107 milyard dolları isə ticarət sığortasının payına düşür.

Azərbaycanda son beş ildə təxminən 120 milyon ABŞ dolları məbləğində təminat təqdim etmişik. Bunun 36 milyon dolları investisiya sığortası, 83 milyon dolları isə ticarət sığortası olub.

Layihələrdən biri Azərbaycanda layihə həyata keçirən Çin telekommunikasiya şirkəti üçün sığorta təminatı idi. Biz onlara Çin banklarından maliyyələşmə cəlb etməyə kömək edən sığorta təminatı təqdim etdik.

Biz həmçinin Azərbaycan bankları üçün beynəlxalq bankların maliyyə xətləri vasitəsilə kiçik və orta biznesi dəstəkləyirik və bu vəsaitlər KOB sektoruna yönəldilir.

"Bundan əlavə, Albaniya, Azərbaycan və Türkiyədə kiçik və orta biznesin dəstəklənməsi məqsədilə Qara Dəniz Ticarət və İnkişaf Bankına maliyyə xətti təqdim etmişik",- deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti