Bakı.Trend:
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanla əməkdaşlıq çərçivəsində 21 saziş imzalayıb.
Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlığa həsr olunmuş təqdimat zamanı ICD-nin bank departamentinin kredit xətləri bölməsinin meneceri Ulan Abılqaziyev bildirib.
O qeyd edib ki, Azərbaycan da daxil olmaqla Avropa və Mərkəzi Asiya təşkilatın inkişaf portfelində ən böyük paya malikdir və əməliyyatların əhəmiyyətli hissəsi ticarət maliyyələşdirilməsinin payına düşür.
“Azərbaycanla əməkdaşlıq çərçivəsində doqquz yerli maliyyə institutu, əsasən də kommersiya bankları ilə 21 saziş imzalanıb. ICD həmçinin alternativ maliyyə mənbələri, o cümlədən islam maliyyələşdirməsi prinsiplərinə uyğun alətlər təklif edir ki, bu da yeni biznes yanaşmalarının tətbiqi fonunda Azərbaycan üçün xüsusi olaraq aktuallaşır”,- deyə Abılqaziyev bildirib.
O vurğulayıb ki, təşkilatın fəaliyyəti ölçülə bilən nəticələrin əldə edilməsinə yönəlib: layihələr başlamazdan əvvəl hədəf göstəricilər müəyyən edilir, onların təsiri icra müddəti boyunca izlənilir, yekun qiymətləndirmə isə layihə başa çatdıqdan sonra aparılır.
