Bakı. Trend:
ADA Universitetində tələbələrin sosial məsuliyyət təşəbbüslərini, sənaye ilə birgə tətbiqi layihələrini və dərsdənkənar fəaliyyətlərini dəyərləndirən illik mükafatlandırma tədbiri keçirilib.
Trend xəbər verir ki, tələbələrdə məsuliyyətli vətəndaşlıq hissini formalaşdıran Hacı Zeynalabdin Tağıyev Mükafatı Universitetin təməl dəyərlərini özündə əks etdirir və tələbələrin sosial yönümlü təşəbbüslərini dəstəkləyir. Layihələr cəmiyyətin müxtəlif təbəqələrinə yönələrək, xüsusilə təhsilin əlçatanlığının artırılması, maliyyə savadlılığının təşviqi, autizm spektrli uşaqlarla iş və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi kimi sahələri əhatə edir.
Cari ildə yüzdən çox ADA tələbəsi təkcə paytaxt Bakıda deyil, həmçinin ölkənin müxtəlif regionlarındakı məktəblərdə, uşaq evlərində və ictimai məkanlarda innovativ layihələr icra ediblər. Tədbirdə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçılarının iştirak etməsi tədbirə xüsusi rəmzi məna qatıb.
Eyni zamanda, Universitetin nəzdində fəaliyyət göstərən 43 tələbə klubu arasından fəallığı ilə seçilən on klub xüsusi olaraq elan edilib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirdəki çıxışında gənclərin tədrislə yanaşı, cəmiyyətin real məsələləri ilə yaxından maraqlanmasının vacibliyini qeyd edib. Rektor vurğulayıb ki, tələbələrin hələ gənc yaşlarından Hacı Zeynalabdin Tağıyev ənənələrini yaşatması və öz sosial təşəbbüsləri ilə ölkəmizə fayda verməyə çalışması olduqca qürurvericidir. Bu cür sosial təşəbbüslərin və sənaye ilə qurulan sıx əlaqələrin tələbələrə birbaşa həyatın daxilində öyrənmək imkanı yaratdığını deyən rektor, bu təcrübənin onların həm şəxsi, həm də peşəkar inkişafında böyük rol oynadığını bildirib.
Həmçinin tədbir çərçivəsində ADA Universiteti və “PAŞA Real Estate Qrupu”nun birgə təşəbbüsü ilə həyata keçirilən tələbə layihələrinin qalibləri mükafatlandırılıb. Bu layihə tələbələrin ölkənin aparıcı developer şirkətləri ilə işləyərək praktiki təcrübə qazanmasına şərait yaratmağı hədəfləyib.
Bu əməkdaşlıq çərçivəsində müxtəlif fakültələrin tələbələri şəhər mərkəzində yerləşən yeraltı keçidin yeni dizaynı ilə bağlı öz təkliflərini hazırlayıblar. Ümumilikdə 36 tələbənin iştirak etdiyi layihədə 4 akademik heyət üzvü və 6 sənaye mütəxəssisi mentor qismində çıxış edərək gənclərə istiqamət verib.
Gələcəyin istedadlarına investisiya etməyi öz missiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən “PAŞA Real Estate Qrupu” bu kimi təşəbbüslərlə tələbələri dəstəkləyir və onların peşəkar inkişafına töhfə verir. Layihə qaliblərinə şirkət tərəfindən illik təqaüd və yay təcrübə proqramında iştirak imkanı təqdim olunub.