Bakı. Trend:
Mayın 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan sədr Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan və Monqolustan arasında formalaşmış sıx əməkdaşlıq əlaqələri qarşılıqlı etimad və anlaşmaya əsaslanır, eyni zamanda hər iki dövlət arasında olan münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.
Daha sonra sədr ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Baş prokuror Jarqalsayxan Banzraqç ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib və bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdıraraq, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Daha sonra ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.
