Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni geosiyasi mərhələ - Rəy

Siyasət Materials 7 May 2026 17:24 (UTC +04:00)
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni geosiyasi mərhələ - Rəy
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Cənubi Qafqaza səfəri, xüsusilə Bakıda apardığı danışıqlar bir daha göstərdi ki, Azərbaycan artıq Avropa üçün mühüm tərəfdaş statusuna yüksəlib.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu səfər diplomatik protokol xarakterli görüşdən daha çox, dəyişən beynəlxalq reallıqların diktə etdiyi strateji zərurətin ifadəsi kimi qiymətləndirilməlidir:

“Son illərdə dünya siyasətində baş verən proseslər – enerji bazarlarında dalğalanmalar, Rusiya-Ukrayna müharibəsi, qlobal nəqliyyat marşrutlarının yenidən formalaşması – Avropa İttifaqını Cənubi Qafqaza daha diqqətli yanaşmağa vadar edib. Bu kontekstdə Azərbaycan həm enerji təminatçısı, həm də geosiyasi körpü rolunda çıxış edir.

Məlumdur ki, Azərbaycanın Avropa ilə münasibətlərində enerji mühüm yer tutur. Azərbaycan qazının Avropaya nəqli artıq bir sıra dövlətlərin enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Lakin hazırkı mərhələni əvvəlki dövrdən fərqləndirən əsas cəhət əməkdaşlığın yalnız karbohidrogenlərlə məhdudlaşmamasıdır.

İndi gündəmdə olan məsələlər yaşıl enerji layihələri və Xəzər dənizinin külək enerjisi potensialıdır. Eyni zamanda Qara dəniz vasitəsilə ötürülməsi planlaşdırılan “yaşıl enerji kabeli” təşəbbüsü, hidrogen və alternativ enerji sahəsində perspektiv əməkdaşlıq, rəqəmsal transformasiya və kibertəhlükəsizlik məsələləri mühüm aktuallıq kəsb edən məsələlərə çevrilib.

Bu istiqamətlər göstərir ki, Bakı–Brüssel əməkdaşlığı artıq təkcə enerji resurslarına əsaslanmır, uzunmüddətli iqtisadi və texnoloji tərəfdaşlığa doğru genişlənir”.

Deputat əlavə edib ki, Azərbaycanın geostrateji mövqeyi son illərdə daha da aktuallaşıb:

“Çinlə Avropa arasında ticarət marşrutlarının diversifikasiyası fonunda Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət qazanıb. Bu marşrut Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqaz üzərindən Avropaya çıxışı təmin edir.

Azərbaycan isə öz növbəsində liman infrastrukturu, dəmir yolu xətləri və beynəlxalq logistika mərkəzləri vasitəsilə bu prosesdə əsas tranzit qovşağına çevrilib. Bu, ölkənin regional deyil, Avrasiya miqyasında aktor kimi mövqeyini möhkəmləndirir”.

Deputat bildirib ki, Kaya Kallasın səfəri çərçivəsində müzakirə olunan məsələlərdən biri də post-münaqişə dövründə regional sabitlik idi:

“2020-ci ildən sonra formalaşan yeni reallıq Cənubi Qafqazda siyasi dinamikanı dəyişib. Azərbaycan kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın təşviqi ilə regionda yeni əməkdaşlıq modelini gündəmə gətirib.

Avropa İttifaqının regionda maraqlı tərəf kimi çıxış etməsi, əslində, sabitlik və təhlükəsizliyin iqtisadi maraqlarla birbaşa əlaqəli olduğunu göstərir. Sabit Cənubi Qafqaz Avropa üçün həm enerji, həm də logistika baxımından strateji əhəmiyyət daşıyır.

Kaya Kallasın Bakıya səfəri bir daha təsdiqlədi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələyə daxil olub. Enerji təhlükəsizliyi, Orta Dəhliz, regional sabitlik və yaşıl transformasiya kimi istiqamətlər bu tərəfdaşlığın əsas dayaqlarıdır.

Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsində mühüm qovşaq, regionda sabitlik təşəbbüskarı və çoxtərəfli diplomatiyanı uğurla həyata keçirən aktordur. Mövcud reallıq göstərir ki, Bakı ilə Brüssel arasında əməkdaşlıq yaxın illərdə daha sistemli və institusional xarakter alacaq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti