Bakı. Trend:
Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, Bakı–Ağdam–Bakı marşrutu üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək.
Qısa müddət ərzində Bakı–Ağdam–Bakı marşrutuna tələbat artıb, təkcə bu ilin birinci rübündə 4000-ə yaxın sərnişin sözügedən marşrutla səyahət edib.
Artan tələbat və dinamik inkişaf fonunda mövcud dəmir yolu xətlərinin modernləşdirilməsi ADY üçün prioritet istiqamətlərdən biridir. Bu çərçivədə növbəti əsaslı təmir və yenidənqurma işlərinə Yevlax–Bərdə dəmir yolu xəttində başlanılması nəzərdə tutulur. Yevlax–Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti 60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10–60 km/saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.
