Rusiya dövlət televiziyasının Azərbaycan xəritəsini təhrif etməsi təxribatdır - XİN

Siyasət Materials 8 May 2026 13:48 (UTC +04:00)
Rusiya dövlət televiziyasının Azərbaycan xəritəsini təhrif etməsi təxribatdır - XİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə jurnalistlərin suallarına cavabında bildirib.

A.Hacızadə qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır:

"Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.

Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti