Bakı. Trend:
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) yaxın vaxtlarda İslam maliyyələşməsi üzrə “Murabaha” kreditini təqdim edəcək.
Trend xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində İslam bankçılığı pəncərəsinin açılması ilə əlaqədar bank tərəfindən “Murabaha” məhsulu hazırlanıb.
“Xüsusi tənzimləmə rejimi çərçivəsində rezident hüquqi şəxslərin və fərdi sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklarının maliyyələşdirilməsi üzrə “Murabaha” məhsulunun müştərilərə təklif olunması nəzərdə tutulur. Məhsul artıq tam hazırdır. Kreditləşmə məbləği 100 min manatdan 5 milyon manatadək olacaq. Düşünürük ki, yaxın zamanda müştərilərə təqdim ediləcək”, - deyə o bildirib.
Qeyd edək ki, Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində 02.02.2026-cı ildən etibarən növbəti 1 il müddətinə “Rabitəbank” ASC tərəfindən İslam bankçılığı prinsiplərinə uyğun olaraq hüquqi və fiziki şəxslərdən vəsaitlərin "Mudaraba" əsasında cəlb edilməsini və həmin vəsaitlərin sahibkarlıq subyektlərinin əsas vəsaitlərinin və dövriyyə mallarının "Murabaha" mexanizmi ilə maliyyələşdirilməsi məhsulları müştərilərə təklif olunur.
