Bakı. Trend:
Macarıstanın “MOL Group” şirkətinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsinə yönəltdiyi əsaslı xərclər 2026-cı ilin birinci rübündə 32,4 milyon dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 19,4 milyon dollar olub.
Trend bu barədə şirkətin məlumatlarına istinadən xəbər verir.
Beləliklə, şirkətin AÇG-nin işlənməsinə çəkdiyi əsaslı xərclər illik ifadədə 1,7 dəfə artıb.
Eyni zamanda, 2026-cı ilin birinci rübündə geoloji kəşfiyyat xərcləri ötən ilin müvafiq dövründəki 3,6 milyon dollarla müqayisədə 1,2 milyon dollar təşkil edib.
Ümumilikdə, 2026-cı ilin birinci rübündə bp və konsorsiumdakı tərəfdaşları AÇG-nin işlənməsi üçün əməliyyat xərclərinə təxminən 134 milyon dollar, əsaslı xərclərə isə təxminən 363 milyon dollar yönəldiblər.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci rübündə layihə üzrə əməliyyat xərcləri 115 milyon dollar, kapital xərcləri isə 251 milyon dollar təşkil edib. Beləliklə, əməliyyat xərcləri 16,5 faiz, kapital xərcləri isə 44,6 faiz artıb.
AÇG-də iştirak payları aşağıdakı kimidir:
bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).
