Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib.
Trend xəbər verir ki, əvvəlcə mediatur iştirakçıları Hərbi Liseyin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Hərbi Liseydə fəaliyyət göstərən Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub. Burada dahi rəhbərə həsr olunmuş ekspozisiyalar, həmçinin muzeyin yaranma tarixi və fəaliyyəti barədə media nümayəndələrinə məlumat verilib.
Kursant Vaqif Balayev Trend-ə açıqlamasında bildirib ki, Dahi Lider Heydər Əliyevin yaratdığı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə təhsil almaq fəxr və qürur mənbəyidir.
“Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı, eləcə də Müdafiə Nazirliyinin daimi nəzarəti sayəsində burada bizim təhsil almamız, zabit peşəsinə gedən yolda ilk addımlarımızı atmağımız üçün bütün şərait yaradılıb”.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin birinci kurs kursantı Seymur Ağamalıyev açıqlamasında kursantların gündəlik təlim-tədris prosesindən danışıb:
“Bizim burada bir günümüz əsasən tədris, fiziki hazırlıq və digər müstəqil məşğələlərlə keçir. Səhər durduqdan sonra yemək yeyir, daha sonra dərslərə gedirik. Tədrisdən sonra isə fiziki hazırlıq məşqlərində iştirak edirik. Biz burada gündə dörd dəfə isti yeməklə təmin olunuruq. Eyni zamanda dövlət tərəfindən aylıq müavinət, geyim və keyfiyyətli təhsillə təmin edilirik”.
Kursant vurğulayıb ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib:
“Bu lisey illərdir Vətənə sədaqətli, peşəkar və intizamlı zabitlər yetişdirən müqəddəs bir ocaqdır. Bu gün isə həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi altında Azərbaycan Ordusu daha da güclənib və müasir dövrün ən güclü ordularından birinə çevrilib”.

Mediatur çərçivəsində qonaqlara Hərbi Lisey haqqında geniş brifinq təqdim olunub. Bildirilib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı səkkizillik internat məktəbinin bazasında yaradılıb.
Kapitan Elgün Mustafazadə açıqlamasında qeyd edib ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədris müddəti iki ildir:
“Həmin müddət ərzində kursantlarımıza Azərbaycan dili, riyaziyyat, informatika, ümumi tarix, Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, idman və çağırışaqədərki hazırlıq fənləri tədris olunur”.

Hərbi Liseyin fizika müəllimi Aysel Məmmədova açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə fizika müəllimi kimi çalışmaqdan böyük qürur hissi keçirir:
“Ulu Öndərimizdən sonra onun davamçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin diqqət və qayğısı hər an liseyimizdə hiss olunur.
Kursantlarımızın yüksək təhsil alması üçün müasir təhsil şəraiti yaradılıb, tibb məntəqələri və idman zalları istifadəyə verilib. Onların asudə vaxtlarının səmərəli təşkili üçün tez-tez bilik yarışları, müxtəlif tədbirlər və xatirə gecələri keçirilir. Liseyimiz görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin adını daşıyır. İnanırıq ki, burada təhsil alan hər bir kursant onun adına layiq, bilikli, savadlı, tərbiyəli və əxlaqlı zabit kimi yetişəcək”.

Mediatur çərçivəsində Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi Liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Ordumuzun peşəkar kadrlarla təmin olunmasının əsasında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.
Mediatur iştirakçılarına məlumat verilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Buraya 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış, 9-cu sinfi bitirmiş şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanları vasitəsilə qəbul olunurlar.
Liseydə təhsil müddəti iki ildir. Təhsil müddətində kursantlara əsasən 13 fənn tədris edilir. Kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi və fiziki hazırlıq üzrə məşğələlərdə də qabiliyyətlərini inkişaf etdirirlər.
Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 14 mindən çox gənc bitirib. Məzunlardan 20 nəfərdən çox zabit “general” ali hərbi rütbəsinə yüksəlib.
Vətən müharibəsində Hərbi Liseydə xidmət edən hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak edib. Onlardan bir nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, üç nəfər hərbi qulluqçu yaralanıb, 40-dan çoxu isə orden və medallarla təltif olunub.
Qürur hissi ilə bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, bir nəfəri isə Hərbi Liseydə xidmət edən zabitdir. Eləcə də Hərbi Liseyin məzunlarından 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vətən müharibəsində göstərdikləri igidlik və şücaətə görə Hərbi Liseyin 100 nəfərdən çox məzunu orden və medallarla təltif olunub.
Daha sonra mediatur iştirakçıları tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarda olub, burada kursantlar üçün yaradılmış şəraitlə tanış olaraq çəkilişlər aparıblar.
Sonda C.Naxçıvanski adına Hərbi Liseydə kursantların tədris prosesi ilə maraqlanan media nümayəndələri üçün zabit-müəllim heyəti və kursantlarla müsahibələrin təşkili üçün şərait yaradılıb.
