9 May - Faşizm üzərində qələbənin ildönümü

Cəmiyyət Materials 9 May 2026 09:00 (UTC +04:00)
9 May - Faşizm üzərində qələbənin ildönümü
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

9 May tarixi dünyada “Faşizm üzərində qələbənin ildönümü” kimi qeyd olunur. Bu gün İkinci Dünya Müharibəsində faşizm üzərində əldə olunan tarixi qələbənin simvolu olmaqla yanaşı, milyonlarla insanın həyatına son qoymuş müharibənin ağrılarını və qəhrəmanlıq salnaməsini də xatırladır. Azərbaycan xalqı da bu böyük qələbəyə həm ön, həm də arxa cəbhədə misilsiz töhfələr verib.

İkinci Dünya Müharibəsi illərində yüz minlərlə azərbaycanlı cəbhəyə yollanaraq faşizmə qarşı mübarizədə iştirak edib. Onların böyük bir hissəsi döyüş meydanlarında qəhrəmancasına həlak olub. Azərbaycan oğulları müxtəlif cəbhələrdə göstərdikləri igidliklərlə yadda qalıb, bir çoxu yüksək hərbi mükafatlara layiq görülüb. Bu müharibə Azərbaycan ailələrinin taleyində dərin izlər buraxıb və xalqımızın yaddaşında ağır, lakin şərəfli bir tarix kimi yaşayır.

Qələbənin qazanılmasında Bakı neftinin xüsusi rolu olub. Müharibə dövründə Sovet ordusunun istifadə etdiyi yanacağın böyük hissəsi məhz Bakıdan təmin edilirdi. Tankların, təyyarələrin və digər hərbi texnikaların fasiləsiz fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan neft Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdı. Təsadüfi deyil ki, Bakı həmin dövrdə dünyanın ən mühüm enerji mərkəzlərindən biri hesab olunurdu.

Azərbaycan yalnız enerji resursları ilə deyil, həm də etibarlı arxa cəbhə kimi mühüm missiya yerinə yetirib. Müharibə illərində Bakıda və ölkənin digər bölgələrində yaralı əsgərlər üçün hospitallar fəaliyyət göstərib, müxtəlif ərazilərdən gətirilən qaçqınlar burada məskunlaşdırılıb. Azərbaycan xalqı humanist mövqeyi ilə müharibədən əziyyət çəkən insanlara dəstək göstərib, həmrəylik və mərhəmət nümunəsi ortaya qoyub.

Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi lend-liz proqramı çərçivəsində də mühüm rol oynayıb. Müttəfiq dövlətlər tərəfindən Sovet ordusuna göndərilən hərbi texnika, silah-sursat və digər strateji yüklərin bir hissəsi Azərbaycan üzərindən daşınıb. Bu marşrut müharibə dövründə təchizatın davamlılığını təmin edən əsas yollar sırasında yer alıb.

9 May yalnız bir qələbə günü deyil, həm də insanlığın faşizmə qarşı birliyinin, xalqımızın göstərdiyi fədakarlığın və qəhrəmanlığın xatırlandığı əlamətdar tarixdir. Bu gün müharibədə həyatını itirənlərin xatirəsi ehtiramla yad edilir, onların göstərdiyi şücaət gələcək nəsillərə örnək kimi təqdim olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti