Bakı. Trend:
ABŞ RV-1 tədqiqat reaktorunda istehsal olunmuş bütün zənginləşdirilmiş uranın Venesueladan çıxarılmasını başa çatdırıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) məlumat yayıb.
Bildirilib ki, NNSA komandası və Venesuela Elmi Tədqiqat İnstitutunun texniki mütəxəssisləri əraziyə ilk səfərlərindən altı həftədən az müddətdə RV-1 reaktorundan 13,5 kq uranı təhlükəsiz şəkildə çıxarıblar. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə sıx əməkdaşlıq edən amerikalı mütəxəssislər uranı işlənmiş yanacaq çəlləyinə qablaşdırıblar.
NNSA administratoru Brandon Uilliams bildirib ki, Venesueladan bütün zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə çıxarılması dünyaya Venesuelanın bərpası və yenilənməsi ilə bağlı daha bir siqnal deməkdir:
"ABŞ prezidenti Donald Trampın qətiyyətli liderliyi sayəsində bölgədəki xüsusi qruplar adətən illərlə çəkəcək işi bir neçə ay ərzində yerinə yetiriblər".
NNSA qeyd edib ki, RV-1 reaktoru onilliklər boyu fizika və nüvə tədqiqatlarını dəstəkləyib. Orada 20%-lik kritik həddən yuxarı zənginləşdirilmiş uran toplanıb.
