Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer bəzi parlament üzvlərinin istefa çağırışlarına baxmayaraq, qarşıdakı illərdə hökumətə rəhbərlik etməyə davam etmək niyyətində olduğunu açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə “The Daily Mirror” nəşrinə müsahibəsində danışıb.
“Biz hər zaman milli dirçəlişin onilliyi barədə danışmışıq. Ölkə bizə çox ağır vəziyyətdə miras qalıb. Söhbət yalnız zəifləmiş iqtisadiyyatdan getmir. Dövlət xidmətləri ciddi şəkildə zərər görüb. Əslində vəziyyət gözlədiyimizdən də ağır idi. Buna görə də 10 illik yenilənmə proqramına ehtiyac var”, - deyə Starmer bildirib.
O qeyd edib ki, 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə də Leyboristlər Partiyasına rəhbərlik etməyi planlaşdırır.
Mümkün istefası ilə bağlı suala cavab verən Baş nazir vəzifəsini tərk etmək niyyətində olmadığını vurğulayıb.
“2024-cü ilin iyulunda seçildiyim bu vəzifədən ayrılmaq planım yoxdur”, - deyə o əlavə edib.
Qeyd edək ki, mayın 7-də Böyük Britaniyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Leyboristlər Partiyası tarixində ilk dəfə olaraq Uels Parlamentində nəzarəti itirib.
Bundan sonra leyborist deputat Ketrin Uest Nazirlər Kabinetinin
üzvlərini Starmeri hakimiyyətdən uzaqlaşdırmağa çağırıb. Onun
fikrincə, Starmerin hökumətə və partiyaya rəhbərliyi davam edərsə,
bu, leyboristlərin növbəti ümumi seçkilərdə ağır məğlubiyyəti ilə
nəticələnə bilər.