ABŞ yanacaq üzrə vergiləri müvəqqəti dayandırır

Dünya xəbərləri Materials 12 May 2026 02:12 (UTC +04:00)
ABŞ yanacaq üzrə vergiləri müvəqqəti dayandırır

Bakı. Trend:

ABŞ hökuməti qiymətlərin kəskin bahalaşması səbəbindən yanacaq üzrə federal vergilərin tətbiqini müvəqqəti olaraq dayandırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında təsdiqləyib.

Vergi güzəştinin nə qədər davam edəcəyi ilə bağlı suala cavab verən Tramp bildirib ki, bu addım zəruri olduğu müddətdə qüvvədə qalacaq. Onun sözlərinə görə, İran ətrafındakı vəziyyət sabitləşdikdən sonra benzin və neft qiymətlərində ciddi ucuzlaşma müşahidə olunacaq.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton və Təl-Əvivin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar qlobal enerji bazarında dəyişikliklərə səbəb olub və bir sıra ölkələr yenidən ABŞ neftinə üstünlük verməyə başlayıblar.

Tramp əlavə edib ki, ABŞ ilə İran arasında gərginlik Hörmüz boğazında riskləri artırıb və enerji daşıyıcılarının tədarükündə çətinliklər yaradıb. Nəticədə Yaxın Şərqdəki idxalçı ölkələr alternativ mənbələrə yönəlib və bundan ən çox faydalanan tərəf ABŞ olub.

Qeyd edək ki, mayın 10-na olan məlumata əsasən, ABŞ-də benzinin bir qallonunun (3,78 litr) qiyməti 4,52 dollara çataraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Bununla belə, ekspertlər hesab edirlər ki, münaqişə qısa müddətdə başa çatsa belə, yanacaq qiymətlərinin enməsi tədricən baş verəcək.

Xəbər lenti

Xəbər lenti