Bakı. Trend:
Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (ADB) Sektorlar Departamenti 3-ün (SD3) Baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin davamlı inkişafına, tibbi infrastrukturun modernləşdirilməsinə və əhaliyə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə böyük önəm verir.
Nazir son illərdə Azərbaycanda tibb müəssisələrinin modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi üçün mühüm addımlar atıldığını vurğulayıb.
Teymur Musayev, həmçinin Asiya İnkişaf Bankı ilə əməkdaşlığın səhiyyə islahatlarının daha effektiv həyata keçirilməsinə və beynəlxalq təcrübənin tətbiqinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. O, xüsusən də regional tibb infrastrukturunun inkişafı və tibb işçilərinin potensialının gücləndirilməsi sahələrində innovativ layihələr üzrə gələcək birgə təşəbbüslərin vacibliyini vurğulayıb.
Öz növbəsində Kristin Engstrom Azərbaycan hökumətinin səhiyyə islahatlarını yüksək qiymətləndirib və ADB-n in bu prosesləri dəstəkləmək öhdəliyini vurğulayıb. O, insan kapitalının inkişafı və sosial layihələr baxımından Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini qeyd edərək, xüsusilə ana və uşaq sağlamlığı, tibbi təlim və innovativ tibbi texnologiyaların tətbiqi sahələrində yeni birgə təşəbbüslərə maraq göstərdiyini bildirib.
