Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarında hantavirusa yoluxma şübhəsi ilə daha iki nəfər karantinə yerləşdirilib və hazırda həkimlərin nəzarətindədirlər.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Merilend ştatının sakinləri – evə qayıdan başqa bir amerikalı ilə təyyarənin göyərtəsində təmasda olublar. Həmin şəxsdə hantavirus aşkarlanıb.
Qeyd edək ki, ötən gün hantavirusun yayıldığı kruiz gəmisinin ABŞ-yə çatdırılan 17 sərnişinindən 16-nın əlavə müayinələrin və profilaktik müalicə kursunun aparılması üçün Nebraska Universitetinin Tibb Mərkəzinin yeni xüsusi təhlükəli patogentlər üzrə Regional müalicə mərkəzinə yerləşdiriləcəyi bildirilmişdi. Laynerin 17-ci amerikalı sərnişinində isə Andes hantavirusunun olduğu müəyyən edilib.
Bundan əvvəl Niderland Xarici İşlər Nazirliyi bildirmişdi ki, Niderlanddan olan turistin ölümündən sonra hantavirusun yayıldığı MV Hondius laynerində olan təxminən 40 sərnişin, o cümlədən Böyük Britaniya və Niderland vətəndaşları, həmçinin ABŞ, Almaniya, Kanada, Çili, Türkiyə və daha beş ölkədən olan sərnişinlər Müqəddəs Yelena adasında gəmini tərk ediblər.
