Bakı. Trend:
“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycan Memarlıq və
İnşaat Universitetində (AzMİU) “Seranit Azərbaycan” və “SinerjiPro”
şirkətlərinin dəstəyi ilə “Memarlıq həftəsi”nə start verilib.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və ölkədə elan olunmuş “Memarlıq və Şəhərsalma İli”nə həsr olunan bu həftə memarlıq, şəhərsalma və dizayn sahəsində aktual məsələlərin müzakirəsi, beynəlxalq təcrübənin paylaşılması və gələcəyin memarlıq baxışlarının formalaşdırılması baxımından mühüm platforma kimi çıxış edir.
Tədbirin açılışı AzMİU-nun “In Vision Design Talks Campus” platformasında təşkil olunan “Memarlıq və dizaynın görüş nöqtəsi: gələcəyi formalaşdıran ideyaların səhnəsi” mövzusunda panel müzakirə ilə başlayıb. Paneldə müasir memarlığın çağırışları, innovativ yanaşmalar və şəhərsalmanın perspektivləri geniş müzakirə olunub.
Tədbirdə yerli və xarici qonaqlar, AzMİU rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Açılış nitqi ilə çıxış edən AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova “Memarlıq həftəsi”nin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsi, onların beynəlxalq memarlıq gündəmini yaxından izləməsi və peşəkar mühitlə birbaşa əlaqə qurması baxımından olduqca vacibdir. O, universitetin memarlıq və şəhərsalma istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edərək bu təşəbbüslərin gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
“Seranit Azərbaycan” şirkətinin rəhbəri Ufuk Polat çıxışında universitet–sənaye əməkdaşlığının əhəmiyyətinə diqqət çəkərək bildirib ki, müasir memarlıq yalnız estetik yanaşma ilə deyil, eyni zamanda texnoloji innovasiyalar, dayanıqlı materiallar və insanyönümlü həllər üzərində qurulmalıdır. O, gənc memarların inkişafına dəstəyin şirkətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Panelin moderatoru, Türkiyənin Memar Sinan İncəsənət Universitetinin professoru Osman Arayıcı çıxışında bu cür platformaların fərqli ölkələrin memarlıq məktəblərini bir araya gətirərək yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. Onun sözlərinə görə, memarlıq yalnız bina layihələndirilməsi deyil, həm də şəhərlərin gələcəyinin formalaşdırılması və insanların həyat keyfiyyətinin yüksəldilməsi missiyasını daşıyır.
Paneldə çıxış edən tanınmış memar Sinan Kafadar Azərbaycanda həyata keçirdiyi layihə lərdən bəhs edərək ölkədə son illərdə müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib və Azərbaycanın regional memarlıq mərkəzlərindən birinə çevrilmək potensialını vurğulayıb. O, yerli memarlıq ənənələrinin qorunması ilə müasir yanaşmaların vəhdətinin vacibliyini qeyd edib.
Memar Yeşeren Ersan çıxışında süni intellekt texnologiyalarının müasir memarlıq prosesində artan rolundan bəhs edib. O bildirib ki, süni intellekt artıq yalnız texniki alət deyil, eyni zamanda yaradıcılığı dəstəkləyən və qərarvermə prosesini sürətləndirən mühüm vasitəyə çevrilib.
“Project Bureau Azerbaijan”ın direktoru, memar Tusi Əliyev ölkədə həyata keçirilən iri memarlıq və urbanistik layihələrdən danışaraq beynəlxalq təcrübənin yerli bazara inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, müasir şəhərsalma yanaşmaları insan mərkəzli planlaşdırma, ekoloji dayanıqlılıq və innovativ həllər üzərində qurulmalıdır.
Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə isə çıxışında gənc memarların peşəkar inkişafına dəstəyin artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, belə tədbirlər gənclərin beynəlxalq memarlıq ictimaiyyəti ilə əlaqələrinin genişlənməsinə və onların peşəkar şəbəkələrinin formalaşmasına mühüm töhfə verir.
İnteraktiv formatda davam edən panel müzakirələr zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb, memarlıq təhsilinin gələcək perspektivləri, beynəlxalq təcrübə proqramları və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İştirakçıların aktivliyi yüksək qiymətləndirilib və bu kimi platformaların gənc memarların dünyagörüşünün genişlənməsində mühüm rol oynadığı vurğulanıb.
“Memarlıq həftəsi” çərçivəsində növbəti günlərdə müxtəlif mövzularda tədbirlərin, seminarların və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Həftə boyunca iştirakçılar memarlıq və şəhərsalma sahəsində ən son tendensiyalarla tanış olmaq, aparıcı mütəxəssislərlə fikir mübadiləsi aparmaq və yeni peşəkar imkanlar əldə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, “Memarlıq həftəsi” AzMİU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, memarlıq təhsilinin keyfiyyətinin yüksəldilməsi və ölkədə müasir memarlıq düşüncəsinin inkişafına töhfə verilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.