Yaşıl İqlim Fondu Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün iqlim maliyyələşməsinə çıxışı asanlaşdırmaq məqsədilə regional hab açır (ÖZƏL)

İqtisadiyyat Materials 12 May 2026 08:04 (UTC +04:00)
Yaşıl İqlim Fondu Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün iqlim maliyyələşməsinə çıxışı asanlaşdırmaq məqsədilə regional hab açır (ÖZƏL)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl İqlim Fondu (YİF) İordaniyanın paytaxtı Ammanda yaradılan yeni regional ofis və yenilənmiş akkreditasiya prosedurları vasitəsilə Azərbaycan və Mərkəzi Asiya ölkələrindəki qurumların iqlim maliyyələşməsinə çıxışını sadələşdirir.

Bu barədə Trend-ə YİF nümayəndəsi məlumat verib.

“2026-cı ilin mart ayında Sondoda keçirilmiş YİF İdarə Heyətinin 44-cü iclasında Amman Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq regionlarına xidmət göstərəcək yeni regional ofisin yerləşəcəyi şəhər kimi seçilib”, - deyə fondun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni ofisin məqsədi YİF-i milli qurumlara və maraqlı tərəflərə daha da yaxınlaşdırmaqdır. Regional ofis Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün birbaşa əlaqələndirmə nöqtəsi rolunu oynayacaq.

“Bu addım YİF-in dövlət koordinasiya mərkəzləri (Milli Səlahiyyətli Orqanlar), akkreditə olunmuş təşkilatlar və milli, eləcə də beynəlxalq tərəfdaş şəbəkələri ilə əməkdaşlığını gücləndirəcək”, - deyə o qeyd edib.

Bununla yanaşı, layihələrin hazırlanması prosesinin sürətlənəcəyi, dəstəyin ölkələrin ehtiyaclarına daha uyğun şəkildə təqdim ediləcəyi, eləcə də nəticələrin icrası və monitorinqinin səmərəliliyinin artacağı gözlənilir.

“YİF akkreditasiya prosedurlarını daha çevik və praktik etmək üçün yenidən nəzərdən keçirib. Bu proses fondun strateji məqsədlərinə uyğun institusional yoxlama mexanizmi kimi optimallaşdırılıb”, - deyə nümayəndə əlavə edib.

Əsas yeniliklərdən biri Layihəyə Xüsusi Qiymətləndirmə Yanaşmasıdır (PSAA). “PSAA çərçivəsində təşkilatın potensialının qiymətləndirilməsi və maliyyələşdirmə təklifinin ekspertizası paralel şəkildə həyata keçirilir ki, bu da YİF maliyyələşməsinə çıxış üçün tələb olunan ümumi vaxtı və əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır”, - deyə o bildirib.

PSAA çərçivəsində layihələri uğurla başa vuran təşkilatlar sonradan tam institusional akkreditasiya üçün müraciət edə bilərlər. Prioritet əsasən inkişaf etməkdə olan ölkələrin regional və milli təşkilatlarına, birbaşa maliyyə çıxışının genişləndirilməsində iştirak edən qurumlara, iri həcmli resursların səfərbər olunmasına və kiçik və orta biznesə yönəlmiş təşəbbüsləri həyata keçirən strukturlara verilir.

YİF akkreditasiyadan əvvəl hazırlıq və institusional dəstək proqramları da təqdim edir. “Akkreditasiyadan sonra milli təşkilatlar YİF və digər fondlarla birlikdə keyfiyyətli proqramlaşdırma sahəsində dəstək ala bilərlər”, - deyə nümayəndə vurğulayıb.

Ammanda regional ofisin açılması ilə bu dəstəyin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin institusional və siyasi mühitinə daha uyğun şəkildə təqdim olunacağı gözlənilir.

Sonda fondun nümayəndəsi bildirib ki, regional iştirakın gücləndirilməsi, sürətləndirilmiş akkreditasiya, ixtisaslaşmış dəstək və PSAA mexanizmi birlikdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qurumları üçün YİF ilə tərəfdaşlıq və milli prioritetlərin həyata keçirilməsi məqsədilə iqlim maliyyələşməsinə daha effektiv çıxış imkanı yaradır.

Xəbər lenti

Xəbər lenti