Bakı. Trend:
Medianın İnkişafı Agentliyi tərəfindən deputat və ekspertlərin
iştirakı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin
qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.
Trend xəbər verir
ki, dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin
İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, regional
və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı
sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və
dayanıqlı inkişaf mühitinin formalaşdırılması dövlətlərin əsas
prioritetlərindəndir.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda
əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun
inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından
mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Rizvan Nəbiyev qlobal təhlükəsizlik
mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq
əməkdaşlıq platformalarında fəal iştirakının və çoxtərəfli
münasibətlərin inkişafına verdiyi töhfələrin əhəmiyyətini
vurğulayıb. Bildirib ki, ölkəmizin həyata keçirdiyi balanslı və
praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı
münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına
və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.
Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik
mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edib. Vurğulanıb
ki, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların,
mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər
arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar
əsasında əməkdaşlığın inkişafına imkan yaradır.
Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi
siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın
təşviqinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması
istiqamətində medianın rolunun vacibliyi qeyd olunub.
