Bakı. Trend:
Milli tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilib.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Spiker xatırladıb ki, 1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində ölkəmiz böyük bir inkişaf yolu keçib. Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradılıb. Bu illər tariximizə həm də mədəni intibah dövrü kimi daxil olub.
S.Qafarova bildirib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb problemlər qarşısında qalıb:
“Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan Silahlı Qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı.
Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi.
Tariximizin ən mürəkkəb və taleyüklü dövründə məhz Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu”.
Sədr vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb və həyata keçirilib, müstəqil dövlətimizin Konstitusiyası hazırlanıb qəbul olunub, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edilib, ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılıb. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib.
S.Qafarova əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin başladığı möhtəşəm işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir:
“Son iyirmi üç il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələri təmin edib. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olunub. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya şərəflə başa çatdırılıb”.
