USACC və "CRDF Global" Azərbaycanda maliyyə risklərinin idarəolunması üzrə konfrans keçirəcək

Dünya xəbərləri Materials 13 May 2026 15:36 (UTC +04:00)
USACC və "CRDF Global" Azərbaycanda maliyyə risklərinin idarəolunması üzrə konfrans keçirəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Amerika-Azərbaycan Ticarət Palatası (USACC) və Amerika Mülki Tədqiqatlar və İnkişaf Fondu ABŞ Dövlət Departamentinin Təhdidlərin Qarşısının Alınması üzrə Əməkdaşlıq Ofisi və PwC şirkətinin ekspertləri ilə birgə Azərbaycanda sanksiya rejimlərinə əməl olunması və maliyyə risklərinin idarə edilməsi məsələlərinə həsr olunmuş birgünlük konfrans təşkil edəcək.

Bu barədə Trend USACC-a istinadən xəbər verir.

Tədbir mayın 14-də keçiriləcək və Azərbaycanın maliyyə institutları ilə tənzimləyici qurumlarının nümayəndələri üçün nəzərdə tutulub. Tədbirin məqsədi sanksiyaya məruz qalan subyektlərlə əməliyyatlar zamanı yaranan maliyyə, reputasiya və yurisdiksiya riskləri barədə anlayışı dərinləşdirmək, həmçinin beynəlxalq sanksiya rejimləri və qanunsuz ticarət, eləcə də silahların yayılmasının maliyyələşdirilməsi ilə bağlı müasir təhdidlər barədə bilikləri gücləndirməkdir.

Proqram çərçivəsində sanksiyalardan yayınma halları, ikili təyinatlı malların tədarükünün şaxələndirilməsi metodları, eləcə də beynəlxalq logistika və maliyyə zəncirlərindən qanunsuz məqsədlərlə istifadə məsələlərinə xüsusi diqqət yetiriləcək.

Bundan əlavə, Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (Trump Route for International Peace and Prosperity – TRIPP) kimi təşəbbüslər də daxil olmaqla, şəffaf və tələblərə uyğun ticarət marşrutlarının inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanacaq. Bu təşəbbüs qlobal ticarət sisteminin dayanıqlığının gücləndirilməsi kontekstində nəzərdən keçirilir.

Konfrans iştirakçıları ekspert sessiyalarında, praktiki keyslərin təhlilində və qurumlararası koordinasiyanın yaxşılaşdırılması, həmçinin komplayens standartlarının yüksəldilməsinə yönəlmiş təlimlərdə iştirak edəcəklər.

Proqram çərçivəsində həmçinin genişləndirilmiş "due diligence" prosedurları, KYC və KYCC mexanizmləri, eləcə də sanksiyalardan yayınma risklərinin aşkarlanması üçün açıq mənbə alətlərindən (OSINT) istifadə məsələləri əhatə olunacaq.

Təşkilatçılar bildirirlər ki, siyasi müzakirələrlə praktiki təlimlərin vəhdəti institusional potensialın gücləndirilməsinə, regional dayanıqlılığın artırılmasına və Azərbaycanla ABŞ arasında genişlənən əməkdaşlıq çərçivəsində təhlükəsiz və şəffaf beynəlxalq ticarətin inkişafına töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti